"İranın son addımları özünümüdafiə xarakterlidir və bizə heç bir təhdid yaratmır" - Sərdar Cəlaloğlu

12:58 21 Oktyabr 2022

"İranın son vaxtlar atdığı addımlar onların öz daxili vəziyyəti ilə bağlıdır. İranda hazırda destabilizasiya var və hər an milli müstəviyə keçə bilər".

Bu sözləri Sitat.info-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

Onun sözlərinə görə, İranda ən çox etnik qohumluğu olan ərəblərdir və azərbaycanlılardır və bu dövlətlərlə İranın münasibətləri gərgindir: " İranla İraq arasında çox böyük gərginlik var. Həmçinin Zəngəzur məsələsinə görə, Ermənistan məsələsinə görə Azərbaycanla İran arasında bir gərginlik var. Azərbaycanda 35-40 milyon Azərbaycan türkünün yaşaması İran üçün Azərbaycan tərəfindən müəyyən təhdidlərin meydana çıxmasına zəmin yaradır. Mənə elə gəlir ki, İranın son addımları özünümüdafiə xarakteri daşıyır və Azərbaycan üçün heç bir təhdid yaratmır".

S.Cəlaloğlu vurğuladı ki, Ərdoğanın gəlişində, hər bir siyasi addımda hansısa nəticlərlə çıxarmaq olar: "Biz bunu Avropa Mülki Missiyasının ermənistana gəlişinə cavab kimi də dəyərləndirə bilərik, İranın apardığı təlimlərə cavab olaraq da dəyərləndirə bilərik. Amma bütünlükdə biz bilirik ki, Qarabağın yenidən dirçəlməsində və məskunlaşmasında Türkiyənin böyük rolu var. Türkiyənin bu istiqamətdə müəyyən işlər görməsinin nəticəsi kimi də bu səfəri qiymətləndirə bilərik". 

Partiya sədri onu da əlavə etdi ki, Ərdoğanın Azərbaycana səfəri hansısa xarici təhdid olmasa belə intensiv şəkildə həyata keçirilir: "Bu Azərbaycanla Türkiyə arasında Şuşada bağlanmış müqavilənin tələblərinə uyğundur". 

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti