Bakıda 121 min manatlıq dələduzluq edən şəxs məhkəmə zalında həbs olunub

15:20 25 Fevral 2022

Bakıda tanışına qarşı dələduzluq etməkdə təqsirləndirilən Xaliq Əliyevə hökm oxunub və o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

"SİTAT.İNFO" Reporta istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub və həbs qətimkan tədbiri seçilib. X.Əliyev məhkəmə iclas zalında həbs edilib.

İttiham aktına əsasən, X.Əliyev tanışı İlqar Etibarovun əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib.

Belə ki, 2016-cı ildə o, zərərçəkmişə paytaxtın Böyükşor qəsəbəsində sökülən evlərin alınaraq həmin mənzillərin ölçülərini Nərimanov Rayon İcra Hakimiyyəti və nazirliklərin birində yüksək vəzifədə işləyən tanışlarının vasitəsilə artıracağını və baha qiymətə satacağını bildirib.

Bu yolla X.Əliyev İ.Etibarovun ümumilikdə 121 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə X.Əliyevin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdi.



Xəbər xətti