Zora düşən Tehran Respublikası - ŞƏRH

16:17 3 Dekabr 2022

İranın rəsmi “İran qəzeti" Azərbaycana qarşı növbəti təxribat həyata keçirib. Belə ki, qəzetdə "Bakı Respublikası zorxana oyununu müsadirə etmək üçün qollarını çırmalayıb" başlıqlı yazı dərc olunub. Azərbaycan Respublikasını həyasızcasına "Bakı Respublikası" adlandıran məqalə müəllifi (yaxud müəllifləri) ölkəmizi zorxana oyununu oğurlamaqda ittiham edib.

Məqalədə iddia olunub ki, guya biz uzun zamandır çovqan (çövkən) oyunu, tar, Nizami Gəncəvinin türk olması, İran xalçası və s. kimi məsələləri gündəmə gətirmişik, indi də zorxana oyununu "özəlləşdirmişik"

İranın bu cür düşüncə sistemi daim Azərbaycan türklərinin mədəniyyətini, milli varlığını təhrif etməklə məşğul olub. Bu düşüncə sisteminin tərkib hissəsi olan İran mətbuatı, o cümlədən eyniadlı qəzeti Azərbaycan türklərinə qarşı 2006-cı ildə təhqiredici yazı və karikatura hazırlamaqla yadda qalıb. Həmin materialdan dərhal sonra isə Cənubi Azərbaycan türkləri milli haqlarını və hüquqlarını qorumaq, müdafiə etmək üçün uzunmüddətli etiraz aksiyaları keçirdilər. Nəticədə Güneydə 200-dən çox azərbaycanlı şəhid oldu. İran mətbuatında sistemində azərbaycanlıya (türkə) məxsus nəsə yoxdur...

Nizami Gəncəvinin türk olması artıq çoxdan təsdiqini tapıb. İran hər dəfə bu məsələni gündəmə gətirməklə “suyu bulandırır”. Və ya mərhum Prezident Heydər Əliyevlə İranın o zamankı dövlət başçısı Məhəmməd Xatəmi arasında Xəzər gölünün adı ilə bağlı polemika olmuşdu. O zaman Xatəmi Xəzəri “Mazandran gölü” adlandırmışdı. Heydər Əliyev isə onun sözünü kəsərək Xəzər dənizinin əsl adını xatırlatmışdı. Bundan sonra Xatəmi daha “Mazandran gölü” ifadəsini işlətmədi.

İranın hakimiyyətinin təmsilçiləri, o cümlədən yerli mətbuat uzun müddət Azərbaycan Respublikasını “Şurəvi” adlandırmışdı. Məqsəd Cənubi Azərbaycan türkünə Şimali Azərbaycanı unutdurmaq idi. Sərhədlər açılanadək bu, belə idi. Sonrakı dövrlərdə də İran dairələri Azərbaycan Respublikasını “Bakı Respublikası” adlandırmaqla bizi qıcıqlandırmağa çalışırdılar. Bütün bunlar şovinist düşüncə tərzinin psixoloji kompleksindən irəli gəlir.

Zorxana ilə bağlı iddialar da həmin kompleksin təzahürüdür. Birincisi, 1925-ci ilədək İran adlı dövlət olmayıb. Bu, uydurma addır. Zorxananın isə İrana məxsus olması düşüncəsi yanlışdır. Azərbaycan türkləri güləşdən əvvəl isinmə hərəkətləri edirlər. Həmin isinmə hərəkətlərindən biri də zorxananın elementlərindən olan 16 kiloluq daşlarla hərəkətdir. Həmçinin daşların uzaq məsafəyə atılması ilə bağlı fərqli idman yarışları var. Bütün bunlar Azərbaycan türkünün istifadə etdiyi idman növüdür. Ancaq bunların İrana məxsus olması ilə bağlı düşüncələr gülüncdür və indiki şəraitdə yersizdir.

Bu gün Güney Azərbaycan türkü İran hakimiyyətindən və dünyadan tapdanan milli haqqının təmin olunmasınmı istəyir. İran isə “Zorxana İrana aiddir” kimi gülünc tezislə iddia irəli sürür.

Azərbaycan türkləri ilə İranda türk olmayan bir çox millətlər uzun müddət birlikdə, türk imperiyasının bayrağı altında yaşayıblar. Və təbii ki, onlar türklərdən çox şey öyrəniblər və sonra da həmin adətləri mənimsəyiblər. Zorxana ilə bağlı deyilənlər də onların türk imperiyasından öyrəndiklərini mənimsəmək cəhdlərindən başqa bir şey deyil.

 



Xəbər xətti