"Azərbaycan tərəfinin cavab tədbirləri hazırlamaqdan başqa çıxış yolu qalmayıb" - Qabil Hüseynli

13:44 5 Dekabr 2022

"Qarabağ iqtisadi rayonunda böhran vəziyyətini xatırladan gərginlik yaşanır. Bu gərginlikdə Rusiya sülhməramlılarının da sözün həqiq mənasında əli var. Bölgədəki prosesləri qızışdırmaq, ermənilərə havadarlıq etmək, bölgənin faydalı qazıntı yataqlarının istismarına xaricdən gəlmiş şəxslərlə birlikdə yardım etmək və Azərbaycanın müxtəlif rayonlarından gələn, Qarabağ iqtisadi rayonundan keçən  Ağdərə və Kəlbəcər yolu vasitəsi ilə daşınan yüklərə əngəllər yaratmaq birbaşa onların iştirakı ilə baş tutur". 

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O vurğulayıb ki, son günlər Ağdərə - Kəlbəcər yolu ilə yük daşıyan vətəndaşlarımıza  hücumu olub və bu məsələdə sülhməramlılar seyrçi mövqe tutublar: "Ruslar faktiki olaraq baş verən hadisələrdə ayırıcı və  ya sakitləşdirici rolu  oynamaqdansa uzaqdan seyr etməklə kifayətləniblər. Rusiya sülhməramlılarının Moskvaya, müdafiə nazirliyinə Qarabağla bağlı ötürdüyü məlumatlarda toponim saxtakarlıqları və Azərbaycan toponimlərinin təhrif edilməsi də ciddi məsələdir. Tez-tez edilən xəbərdarlıqlara baxmayaraq bu düzəldilmir. Rusiyanın göndərdiyi Vardanyan, eləcə də onun yanında olan başqa adamlar vasitəsilə bölgə həm silahlandırılır, həm də təyyarələr vasitəsilə silahlar daşınır".

Politoloq vurğuladı ki,  Azərbaycan tərəfi bunun tamamilə fərqindədir və əks tədbirlər görür: "Bu tədbirlər sözsüz ki, sentyabrın 12- də keçirilən lokal  xarakterli əməliyyatlar kimi də ola bilər, iri çaplı anti-terror əməliyyatları da ola bilər. Ceyhun Bayramov son və həlledici danışıqlar üçün Moskvaya yollanıb, Türkiyənin müdafiə naziri Hulusi Akar isə bu gün Bakıya gəlib. Bölgədə vəziyyəti gərginləşdir. Rus və erməni hərbi birləşmələri bölgədə müharibə yaratmağa çalışırlar.  Azərbaycan tərəfinin cavab tədbirləri hazırlamaqdan başqa çıxış yolu qalmayıb".

Səid İsaoğlu,
Sitat.info



Xəbər xətti