Deputat Vüqar Bayramov bu iki sektorda ƏDV faizinin aşağı salınmasını təklif etdi

15:39 7 Dekabr 2022

"Əlavə dəyər vergisinin  (ƏDV) diferensial olaraq tətbiq edilməsi xeyli müddətdir ki, müzakirə olunur. Hətta biz əvvəlki dövrlərdə belə , Dövlət Vergi Xidməti müstəqil Vergilər Nazirliyi kimi fəaliyyət göstərdiyi müddətdə belə ƏDV-nin diferensial formada tətbiqini təklif etmişdik. Burada yalnız ərzaq məhsulları üzrə deyil, sektorlar üzrə diferensial vergilərin tətbiqi məqsədə uyğun olardı".

Bu sözləri Sitat.info-ya açıqlamasında deputat, iqtisadçı alim Vüqar Bayramov bildirib. 

Onun sözlərinə görə, əksər Şərqi Avropa ölkələrində turizmdə daha aşağı əlavə dəyər vergisi tətbiq olunur: "Diferensial olaraq bu sektorda tətbiq edilən ƏDV aşağıdır. Və ya ərzaq məhsullarının istehsalında, eyni zamanda tədqiqat sektorlarında aşağı faizli əlavə dəyər vergisindən istifadə olunur. Ona görə də oxşar praktikanın Azərbaycana tətbiq edilməsi məğsədə uyğun olar".

Deputat qeyd etdi ki, bu baxımdan bir tərəfdən ərzaq məhsulları üzrə əlavə dəyər vergisinin diferensial tətbiq edilməsi, digər tərəfdən daxili turizmin təşviq edilməsi üçün  turizm sektorunda daha aşağı faizli ƏDV-nin tətbiqi məqsədəuyğundur: " Digər tərəfdən idxalda da bəzi məhsullar üzrə, o cümlədən ərzaq məhsullarının idxalı üzrə difernsial vergilərin tətbiqi məqsədə uyğun olardı. Bu nəticə etibarilə bir tərəfdən məhsulların xərclərinin azalmasına və qiymətlərin optimallaşdırılmasına gətirib çıxara bilər. Düzdür kənd məhsullarında əlavə dəyər vergisi yoxdur, amma dəyər zəncirinə uyğun olaraq istehsal sahəsində də əlavə dəyər vergisini diferensiallaşdırmağa ehtiyac var".

V.Bayramov vurğuladı ki, daha çox istehsala və daxili iqtisadiyyatın inkişafına yönəlik  diferensial vergi sisteminin tətbiqi məqsədə uyğundur: "Bu xüsusən də yeni istehsal edilən ərzaq məhsullarının xərcinin azalmasına, idxal məhsulları ilə rəqabət aparmasına və nəticə etibarilə qiymətlərin aşağı düşməsi yolu ilə daha ucuz məhsulların bazara çıxarılmasına gətirib çıxara bilər".

Səid İsaoğlu,
Sitat.info



Xəbər xətti