"Qazın qiymətinin endirilməsi üçün müvafiq resurslar var" - Professor tarifləri TƏNQİD ETDİ

16:31 7 Dekabr 2022

"Hesab edirəm ki, Azərbaycanda təbii inhisar subyektləri xidmətlərinin və o cümlədən ən mühüm istiqamətlərdən biri olan qazın qiymətinin sabitləşməsinə, tarif artımının qarşısının alınmasına çox böyük ehtiyac var."

Bu sözləri Sitat.info-ya açıqlamasında professor Elşad Məmmədov bildirib.

Onun sözlərinə görə, qiymətlərin endirilməsi ilə bağlı da müvafiq resurs bazası mövcuddur: "Rəsmi məlumatlara əsasən  ölkədən ixrac olunan qazın həm fiziki həcmdə, həm valyuta daxilolmaları nöqteyi-nəzərdən artdığını görürük. Son illər ərzində dünya bazarında qazın qiyməti kəskin şəkildə bahalaşıb. Azərbaycan qazı uzunmüddətli müqavilələr əsasında ixrac etməkdədir. Lakin istənilən halda dünya bazarındakı qiymət dəyişiklikləri Azərbaycan valyuta ehtiyatlarına öz təsirini göstərir. 

Belə olan halda, hesab edirəm ki, qazın əhaliyə  güzəştli tariflərlə satışı üçün müvafiq imkanlar mövcuddur. Bunun reallaşdırılması üçün müxtəlif mexanizmlər də var. Həmin mexanizmləri təklif və tətbiq etmək mümkündür. Mən də bu prosesdə iştirak etməyə hazıram və əminəm ki, daxili bazarda qazın güzəştli şərtlərlə satışını təşkil etmək üçün ölkəmizin müvafiq resurs potensialı var". 

E.Məmmədov diqqətə çatdırdı ki, Azərbaycandan enerji daşıyıcıları ixracatı ilə bağlı qiymətlər büdcədə müvafiq qaydada nəzərdə tutulur: " yəni neftin qiyməti büdcənin formalaşdırılması zamanı müəyyən edilir. Amma, fikrimcə, həm neft-qaz, həm də ölkənin Neft Fonduna istiqamətləndirilən vəsaitlərin xeyli hissəsi daxili investisiyalara və sosial məsələlərə yönəldilməlidir. Çünki Azərbaycanda sosialyönümlü tədbirlərin həyata keçirilməsi yalnız müavinət və digər sosial ödənişlərin artırılması ilə məhdudlaşmamalı, eyni zamanda əhalinin istifadə etdiyi tariflərin əlçatan olmasına şərait yaradılmalı, ölkədə endirimli, güzəştli kommunal xidmət tarifləri tətbiq edilməlidir. Əks halda sosial nöqteyi-nəzərdən əldə olunan müsbət trendlər sual altına qoyulur". 

Professer vurğuladı ki, bununla yanaşı bu istiqamətlərdə qiymət artımı iqdisadiyyatın digər sahələrində də inflyasiyanın göstəricilərinin mənfiyə doğru dəyişməsinə şərait yaradır: " Məsələyə kompleks şəkildə yanaşaraq ölkədə təbii inhisar subyektlərinin təklif etdiyi xidmətlərə görə, o cümlədən qaz satışına görə mütləq şəkildə qiymətlərin enməsinə və sabitləşməsinə nail olmalıyıq. Qeyd etdiyimiz kimi, müvafiq resurs potensialı mövcuddur. Ən azından ölkə daxilində qaz satışından əldə olunan resurslarla ixracat baxımdan əldə olunan resursların müqayisəli təhlilini aparmaq olar və görmək olar ki, ixracdan əldə olunan resursların bir hissəsinin artımı dövlət büdcə daxilolmaları nöqteyi-nəzərdən ölkə iqdisadiyyatına, büdcəsinə istiqamətləndirilə bilər. Bununla da daxili bazarda qiymət artımının qarşısı alınar və qiymətlərin endirilməsi üçün şərait yaranar."
 

Seymur Bənnayev,

Sitat.info



Xəbər xətti