Türkiyədə Hiranur Vəqfinin lideri Yusuf Ziya Gümüşelin 18 il əvvəl 6 yaşlı qızını ərə verdiyi ortaya çıxıb.
Sitat.info xəbər verir ki, vəqf lideri H.K.G. adlı qızını müridi və qonşusu olan 29 yaşlı Kadir İstekliyə ərə verib. Bu zaman 6 yaşlı uşaqla K. İstekli arasında dini kəbin kəsilib və həmin gündən etibarən o, Kadir İstekli tərəfindən cinsi istismara məruz qalıb.
Türkiyə mediasında qızcığazın K. İstekli ilə fotolarının yayılmasından sonra bu hadisə ölkədə gündəmə çevrilib.
Bildirilir ki, o, yaşadıqlarına etiraz etmək istəsə də, Kadir ona bunun bir oyun olduğunu deyib.
Cinsi təcavüzə məruz qalan H.K.G. 13 yaşına çatdıqda nişan, 14 yaşı olduqda isə toy keçirilib. O, 18 yaşı tamam olduqda isə rəsmi nikah keçirilib.
Bununla belə, onun 17 yaşında ana olduğu bildirilir.
Bütün bu illər ərzində yaşadıqlarına dözən H.K.G. 18 yaşında gizli olaraq istifadə etdiyi sosial media hesabı vasitəsilə yaşadıqlarını bir qadına danışır. Qadın isə ona əri ilə 6 yaşında evləndirilməsi barədə danışmasını, yoldaşının səsini yazmasını və polisə gedərək şikayət etməsini məsləhət görür.
Hazırda 24 yaşı olan H.K.G. 2020-ci il noyabrın 30-u polisə müraciət edib və səs yazısını, eləcə də evləndirilərkən çəkilən fotoları təqdim edib. Məsələ ilə bağlı məhkəmə prosesi cari ilin oktyabr ayında nəticəsiz olaraq başa çatıb. Belə ki, Kadir İstekli, Yusuf Ziya Gümüşel və həyat yoldaşı Fatma Gümüşelə 27 ildən az olmayaraq həbs tələb olunsa da, sözügedən şəxslər həbs edilməyib.
6 yaşında evləndirilən H.K.G.-nin həyat tarixçəsi Türkiyə mediasında və sosial şəbəkələrdə geniş müzakirələrə və narahatlıqlara səbəb olub. Bildirilir ki, bu qızın timsalında Türkiyədə kiçik yaşlarında ərə verilən qızların taleyi narahatlıq doğurur.
/Qafqazinfo