"Azərbaycan ordusunun işğal olunmuş ərazilərimizi azad etmək üçün apardığı 44 günlük savaş "şok terapiya" kimi bir əməliyyat idi. Çox ağır döyüşlər olsa da Azərbaycan ordusu bir addım da geri çəkilmədən Ermənistanla sərhəddə qədər gedib çatdı".
Bu fikirləri Sitat.info-ya açıqlamasında deputat Sabir Rüstəmxanlı deyib.
O qeyd edib ki, bu Ermənistana böyük zərbə idi: "Əksər rayonlarımızı silahla, 3 rayonu - Kəlbəcər, Laçın və Ağdamı da danışıq yolu ilə azad etdi. Bu qələbə Ermənistan üçün gözlənilməz zərbə idi. Ermənistan bu zərbədən nakauta düşdü. Zaman keçdikcə nakautun, o dəmir yumruğun təsiri azalır, Ermənistan və ermənipərəst qüvvələr bizim qələbəmizi unudurlar, revanş fikrinə düşürlər. Məğlubiyyətin əvəzini çıxmağa, Ermənistanın nüfuzunu Qarabağda bərpa etməyə çalışırlar".
Deputat vurğulayıb ki, Azərbaycan o bölgədə yaşayan ermənilərin bizim vətəndaşımız olduğunu dəfələrlə deyib: "Ermənistan dimi olaraq həmin ərazilərə adam göndərir, silah göndərir, mitinq keçirir. Hərbiçilərini müharibəyə hazırlaşdırır. Bu gün Ermənistanın vəziyyəti tələyə düşmüş siçan kimidir. Sağa-sola atılıb kömək istəyir. Kimdən kömək istəyəcəyini bilmir. Gah İran, gah Fransa.. Bu yaxınlarda İrandan 600 raket alıb".
S.Rüstəmxanlı hesab edir ki, Əslində bütün bu planlar Azərbaycanın yerini qüvvətləndirir: "Azərbaycan öz yanaşmasını ortaya qoyur və qoyacaq. Bizim vətəndaşlarımız gedib sülhməramlılarla görüşüblər, istəklərimiz irəli sürülüb və haqqımız tələb olunub. Bu iş davam etdirilməlidir. Həmin ərazilərdə hakimiyyətimizi bərqərar etməliyik. Ermənilər də hakimiyyətimizi qəbul etməlidirlər. Əgər etməsələr müvafiq addım atılacaq. Bu hərbi təhdid deyil, bu bizim dövlətimizin qanunlarıdır və onlar da buna əməl etməlidirlər. Başqa yolları yoxdur".
Hülya Mirzəyeva,
Sitat.info