İranda nümayişlərə görə 11 nəfər edam cəzasına məhkum edilib, bir nümayişçi edam edildi

16:19 8 Dekabr 2022

İranda "çadra qaydalarına əməl etmədiyi" səbəbiylə saxlanılan Məhsa Əmini dünyasını dəyişdikdən sonra başlayan nümayişlərlə bağlı məhkəmələrdə 11 nəfər edam cəzasına məhkum edilib, bir nümayişçi isə edam edilib.

Sitat.info xəbər verir ki, 84 gündür davam edən və bütün ölkəyə yayılan nümayişlər 2009-cu ildə keçirilən mübahisəli prezident seçkilərindən sonra baş verən hadisələrdən sonra ən təsirli olmaqla yanaşı, ölkədə keçirilən ən uzun hökumət əleyhinə etiraz aksiyaları hesab olunur.

İlk olaraq İnqilab Keşikçiləri Ordusunun Hərbi Hava Qüvvələrinin komandanı, briqada generalı Əmir Əli Hacızadə noyabrın 29-da etdiyi çıxışında təxminən 2,5 aydır davam edən etiraz aksiyalarında təhlükəsizlik qüvvələri də daxil olmaqla 300-dən çox insanın həyatını itirdiyini açıqlayıb.

İranın Təhlükəsizlik Şurası dekabrın 3-də ölənlərin ümumi sayının 200-ü keçdiyini açıqlayıb.

6-sı Tehranda, 5-i Elburz vilayətində olmaqla, 11 nəfərə ölüm hökmü çıxarılıb.

Həbs edilən və mühakimə olunan nümayişçilər “yer üzünə xarabalıq salmağa”, “dövlətə qarşı müharibə aparmağa”, “ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək məqsədi ilə yığıncaq keçirməyə”, “təhlükəsizlik qüvvələrinə hücum etməyə”, "ictimai və ya xüsusi mülkiyyətə zərər vurmaq" və "ictimai asayişə zərər vurmaq", "milli təhlükəsizliyi pozmaq" kimi cinayətlərə görə mühakimə olunur.

İran Cinayət Məcəlləsinə əsasən, “dünyada fitnə-fəsad törətmək” və “dövlətə qarşı müharibə aparmaq” kimi cinayətlərdə ittiham olunanlar ölüm cəzası ilə mühakimə olunur və adətən ölüm hökmü verilir.

Ölkədə 3 aya yaxındır davam edən nümayişlərlə əlaqədar 6-sı Tehranda, 5-i Elburz əyalətində olmaqla 11 nəfər edam cəzasına məhkum edilib.

İnqilab Məhkəmələri tərəfindən çıxarılan ölüm hökmləri Ali Məhkəmə tərəfindən qüvvədə saxlanılmalıdır. Ədliyyə Başçısı Qulam Hüseyn Muhsini Ejei dekabrın 6-da edam cəzasına məhkum edilən 6 nəfərdən bəzilərinin hökmlərinin Ali Məhkəmə tərəfindən təsdiqləndiyini və tezliklə icra olunacağını açıqlayıb.

Amnesty International noyabrın 16-da İranda edam hökmləri ilə bağlı hesabatını dərc edib.

Hesabatda nümayişlərlə bağlı həbs edilən ən azı 21 nəfərin ölüm cəzası ilə mühakimə olunduğu bildirilib. Təşkilatın hesabatında edama məhkum edilən 5 nəfərin adının Muhamməd Kubadlu, Mənuçehr Mihmannəvaz, Mahan Sədarat Mədəni, Muhammed Burugani və Səhənd Nur Muhammədzadə olduğu bildirilib.

Bəyanatda İran administrasiyası “xalq üsyanını vəhşicəsinə yatırmaq üçün ölüm hökmündən dəhşətli şəkildə istifadə etməkdə” günahlandırılıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti