Çinin ərəb ölkələrinə marağı artıb: Vaşinqton durumdan narahatdır...

12:40 9 Dekabr 2022

Çin lideri Si Sinpinin Səudiyyə Ərənistanına səfəri başlayıb. Si Sinpin Səudiyyə Ərəbistanına bundan əvvəl 6 il əvvəl səfər edib. Si Sinpin Səudiyyə Ərəbistanına səfəri zamanı həm bu ölkə ilə əməkdaşlığı müzakirə edəcək, həm də Çin - ərəb ölkələri sammitində iştirak edəcək. Bu Si Sinpinin Çində pandemiya başladıqdan sonra 3-cü xarici səfəridir. Bundan əvvəl Çin lideri Qazaxıstan və Özbəkistana səfər etmişdi. Bu iki ölkə də Pekin üçün vacib tərəfdaşlardır.

Mövzu ilə bağlı Sitat.info-ya açıqlama verən politoloq Elxan Şahinoğlu vurğuladı ki, Pekinin Yaxın Şərq ölkələrinə marağı artıb: "Yaxın Şərq ölkələri də Çinlə iqtisadi əməkdaşlığı genişləndirmək istəyirlər. Çünki uzun onilliklərdir ərəb ölkələrinin əsas siyasi və iqtisadi tərəfdaşı Amerika Birləşmiş Ştatları idi. Çin bu bölgədə Amerikanı sıxışdırmağa başlayıb. Çin son 5 ildə Səudiyyə Ərəbistanın əsas ticarət tərəfdaşına çevrilib. İki ölkə arasında 2021-ci ildə ticarət dövriyyəsinin həcmi təxminən 82 milyard dollar həcmində olub. Səudiyyə Ərəbistanı Çinə maliyyə yatırımına görə 12-cı sıradadır. Çinin də Səudiyyə Ərəbistanına böyük yatırımları var və bölgəyə yatırımlarının 20 faizini təşkil edir. Çinin neftə olan tələbatının 17 fazini Səudiyyə Ərəbistanı təmi edir".

E.Şahinoğlunun sözlərinə görə, iki ölkə əməkdaşlıqda daha irəli getmək istəyirlər: "Si Sinpinin Ər-Riyadda görüşləri zamanı müxtəlif sahələrdə 34 müqavilə imzalanıb. İmzalanan anlaşmaların dəyəri 30 milyard dollara yaxındır. Bundan başqa iki ölkə arasında strateji tərəfdaşlıq barədə saziş imzalanıb. Səudiyyə Ərəbistanı Çinin “bir kəmər, bir yol” layihəsində də iştirak etmək istəyir".

Çin Səudiyyə Ərəbistanı ilə yanaşı digər ərəb ölkələri ilə də əlaqələri genişləndirməyə çalışır. Si Sinpin bu ölkələrin hər birinə ayrılıqda səfər etmək əvəzin ərəb dövlətlərin liderləriylə ilə Səudiyyə Ərəbistanında görüşməyə qərar verib. Si Sinpin Ər-Riyadda 30 dövlətin başçısıyla görüşəcək. Çin ərəb ölkələriylə yanaşı İran və Suriya ilə əməkdaşlıqdan da imtina etmir. Halbuki, ərəb ölkələrinin Suriya və İrana münasibətləri mənfidir".

Politoloq hesab edir ki, bu gedişat Vaşinqtonu ciddi narahat edir: "Siyasi ekspertlər ABŞ prezidenti Co Baydenin iyul ayında Səudiyyə Ərəbistanına səfərinin nəticələrini uğursuz adlandırıblar. Ərəb ölkələri son illər Vaşinqtonun siyasətindən narazı qaldıqlarını gizlətmirlər. Buna görə də ərəb ölkələri Çinlə əməkdaşlığa maraq göstərməklə Vaşinqtonun bölgədə daha fəal siyasət yürütməyə təşviq etməyə çalışırlar. Səudiyyə Ərəbistanı və müttəfiqləri Çinlə iqtisadi əməkdaşlıqlarını genişləndirməyə çalışsalar da, hərbi və təhlükəsizlik baxımından Amerikadan asılıdırlar. Əslində Pekin artan istisadi əlaqələr vasitəsilə ərəb ölkələri ilə hərbi əməkdaşlığı da inkişaf etdirmək istəyir. Ancaq ərəb ölkələri bu məsələdə ehtiyatlı mövqe tutacaqlar".

Məğrur,

SİTAT.İNFO



Xəbər xətti