Bolqarıstanda parlament Ukraynanın Rusiyaya müqavimətini dəstəkləmək üçün bu ölkəyə edəcəyi silah yardımı paketini təsdiqləyib.
Sitat.info xəbər verir ki, öndəriləcək silahların siyahısı ilk olaraq parlamentdə milli təhlükəsizlik və müdafiə komissiyalarının qapalı iclasında müzakirə edilib. Məxfilik şərti ilə silah növləri açıqlanmasa da, Ukraynanın tələb etdiyi S-300 raketləri və MiQ təyyarələrinin daxil olmadığı açıqlanıb.
Parlamentin Müdafiə Komissiyasının sədri Xristo Qacev deyib: “Biz Ukrayna şəhərlərinin səmasını Rusiyanın pilotsuz təyyarələrindən qoruyacaq texnologiyalar göndərəcəyik”.
240 nəfərlik parlamentdə ümumilikdə 52 yerə malik Rusiyayönlü Bolqarıstan Sosialist Partiyası (BSP) və Dirçəliş Partiyasının deputatları qapalı iclasda yardımların qarşısını almaq üçün zaldan mobil telefonları ilə canlı yayımlayıblar.
Ölkədə keçmiş kommunist partiyasının siyasi ənənəsini davam etdirən BSP lideri Korneliya Ninova Ukraynaya silah yardımını dəstəkləyən digər partiyaları “müharibə koalisiyası” kimi xarakterizə edib.
Moskvanın siyasətini müdafiə edən populist Dirçəliş Partiyasının lideri Kostadin Kostadinov Bolqarıstanın NATO və Avropa İttifaqından (Aİ) çıxmasında israr edib.
Rusiya Ukraynaya müharibə elan etdikdən sonra Rusiyayönlü prezident Rumen Radev və parlamentdə onunla həmfikir olan siyasi qüvvələrin təzyiqi nəticəsində Ukraynanın tələb etdiyi silah yardımı dəfələrlə rədd edilib. Noyabrın əvvəlində keçirilən iclasda parlament öz mövqeyini dəyişərək Ukraynanın və hökumətin lazımi yardım paketinin yaradılması tələbinə müsbət cavab vermək qərarına gəlib.
Seymur Bənnayev
Sitat.info