Xəbər verdiyimiz kimi, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası keçirirlər.
Etirazçılar yolu kəsərək Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmadı.
Anbaan xəbərlər gəlməkdədir. Sülhməramlılar dinc aksiya keçirən azərbaycanlıların etirazlarını yatırtmaq üçün əraziyə əlavə qüvvə cəlb ediblər.
Baş verənləri Sitat.info üçün operativ şərh edən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib ki, Rusiya sülhməramlıları artıq bütün əndazələri aşıb: "Demək olar ki, bütün normalar sülhməramlılar tərəfindən kobudcasına pozulur. Baş verən hadisələr onu deməyə əsas verir ki, Rusiya bu gün Azərbaycan və Ermənistan arasında sülhü Xankəndi məsələsindən kənar görür. Əllərindən gələni edirlər ki, separatçılar rahat yaşasınlar”.
Ekspert qeyd edib ki, Xankəndi və ətrafındakı qanunsuz erməni silahlı birləşmələri hələ də oralardan çıxarılmayıb: “Əlbəttə ki, separatçıların Xankəndi və ətrafında qalmağı prosesin bundan sonra da sabotaj edilmə ehtimallarının yüksək olduğunu söyləməyə əsas verir. Erməni separatçılar rus sülhməramlılarının gözü qarşısında Azərbaycan təbii sərvətlərini talan edir. Xakəndi, Ağdərə və Xocalıda təbii sərvətlərimiz vicdansızca dağıdılır. Azərbaycan öz ərazilərində monitorinqlər aparsa, orada olan bütün cinayət faktları gün kimi ortaya çıxacaq. Ona görə də sülhməramlılar prosesi dayandırmaq üçün separatçılarla əlbir olub maneə törətməyə çalışır. Monitorinq başlayana, Xankəndidə yaşayacaq azərbaycanlıların taleyi həll olunmayana qədər azərbaycanlıların Laçın yolundakı aksiyaları dayanmamalıdır. Bundan sonra hər bir ədalətsizlikyə qarşı rus sülhməramlılarına sivil etirazlarımızı davam etdirməliyik”.
Seymur Bənnayev,
Sitat.info