Ruslar elə bilirlər ermənilərin dövlət qurmasına şərait yaratmaq üçün gəliblər - Tural Abbaslı

14:22 12 Dekabr 2022

"Son günlər Azərbaycan vətəndaşlarının, jurnalistlərinin bu məsələyə etiraz etməsini təbii ki, biz də dəstəkliyirik və təqdir edirik. Belə də olmalıdır. Çünki, sülhməramlılar müvəqqəti yerləşdikləri əraziləri daimi məskən yerinə çevirmək istəyirlər və burada özlərinə verilmiş müvəqqəti səlahiyyətlərdən sui-istifadə edərək ermənilərin orda daha da möhkəmlənməsinə, revanşist hisslərlə addımlar atmasına və yeni müharibəyə hazırlaşmasına, separatçılığı daha da inkişaf etdirmələrinə dəstək verirlər".

Bu sözləri Sitat.info-ya açıqlamasında Ağ Partiya başqanı Tural Abbaslı deyib.

Onun sözlərinə görə, eyni zamanda özlərinin  orda yerləşməsini daimi etmək istəyirlər: "Yəni, Rusiya sülhməramlı adı altında girdiyi Azərbaycan ərazilərini işğal edərək orada erməniləri məskunlaşdırıb, yenidən Azərbaycanın suverenliyini, müstəqilliyini təhdid altında saxlamaq istəyir. Elə düşünür ki, bununla da Azərbaycana təzyiq edərək nəzarətdə saxlayacaq. Rus sülhməramlıları başa düşməlidir ki, ora Azərbaycan əraziləridir və necə ki ermənilər orqda sərbəst hərəkət edə bilirlər, eləcə də bizim vətəndaşlarımız da tarixi ata-baba torpaqlarında sərbəst hərəkət etməlidirlər. Orada Azərbaycanın dövlət strukturlarının nümayəndələri istədikləri monitorinqi apara bilərlər və  Azərbaycan dövlət qrumlarının nümayəndəlikləri, eləcə də təşkilatları artıq  fəaliyyət göstərməlidir. Bunu ruslar başa düşməlidir".

Partiya sədri vurğuladı ki, ruslar elə bilirlər ermənilərin dövlət qurmasına şərait yaratmaq üçün gəliblər: "Qətiyyən elə deyil, ruslar orada Azərbaycanın erməni əsilli vətəndaşları ilə digər vətəndaşların arasında qarşıdurmanın olmaması üçün sülhməramlı missiyanı icra etməlidirlər. Amma burada sülhməramlı deyillər, bunlar erməniməramlı qoşunlardır və ancaq erməni əsilli terrorçuların mövqelərini qoruyurlar".

T.Abbaslı diqqətə çatdırdı ki, Azərbaycan ilk məqamda sivil şəkildə buna etiraz etməlidir, bu məsələni Putinin də, Şoyqunun da digərlərinin də nəzərinə çatdırmalıdır: "Təbii ki, ikinci mərhələdə bu addımlar nəticə verməsə Azərbaycan öz ərazilərində ekolojiyaya vururlan ziyanın qarşısını almaq üçün, torpaqların talanmasının qarşısını almaq üçün onun ərazisində Azərbaycan dövlətçiliyinə qarşı terrorçu qruplaşmaların yetişdirilməsinə qarşı təbii ki, lazım gəldikdə tez bir zamanda xüsusi əməliyyatda keçirməlidir".

Ağ Partiya sədri rusların Qarabağdan çıxmasının zəruriliyindən danışıb: "Necə olur ki, ruslar özləri Ukraynanı xüsusi əməliyyat adı altında işğal edə bilirlər, amma biz öz ərazilərimizdə vətəndaşlarımızın və ekologiyamızın təhlükəsizliyini qoruya bilmirik? Ruslar artıq buradan çıxmalıdır. Onlar öz üzlərini itiriblər və ona  görə də 5 il tamam olmamış Rusiya sülhməramlılarının Azərbaycandan çıxmasına nail olmaq lazımdır. Biz Ağ Partiya olaraq bu məsələlərdə birmənalı olaraq  heç bir iqtidar müxalifət mövqeyi güdmədən Azərbaycanın dövlət, təhlükəsizlik və suverenlik maraqlarının yanındayıq və belədə olacağıq".

Səid İsaoğlu,

Sitat.info 



Xəbər xətti