Sülhməramlı kontingentin Azərbaycan ərazilərindən daha qısa müddətdə çıxarılması reallaşa bilər" - Ədalət Verdiyev

14:26 12 Dekabr 2022

"Baş verən hadisələr bir daha göstərir ki, Rusiya sülhməramlı kontingentinin komandanlığı üzərinə düşən vəzifələri tam həcmdə yerinə yetirmir. Eyni zamanda onlar, Azərbaycana qarşı ayrı-seçkilik edir, Azərbaycan ərazilərinə digər ölkələrdə olan jurnalistləri, siyasətçiləri və başqalarını buraxdıqları halda, Azərbaycandan olan ekoloqların öz torpaqlarına səfərinə maneəçilik törədirlər". 

Bu sözləri hərbi ekspert Ədalət Verdiyev Sitat.info-ya açıqlamasında Qarabağda son baş verənləri dəyərləndirərkən deyib. 

Ə.Verdiyev vurğuladı ki, sülhməramlılar zorakılıq etməkdən də çəkinmirlər: "Daha əvvəl də bizim jurnalistlərimizin əraziyə buraxılmasına maneəçilik törətmişdilər, bu gün isə baş verən aksiyalarda həm Real TV-nın əməkdaşlarına qarşı zor tətbiq edilib həm də Report Agentliyinin maşınına Rusiya sülhməramlı kontingenti tərəfindən xəsarət yetirilib. 

Bu isə bir daha onu göstərir ki, Azərbaycan tərəfi Rusiya sülhməramlılarını ərazidə mövcudluq müddətini 2025-ci ilin sonunda başa çatmasına baxmayaraq bu müddəti daha da tezləşdirməlidir. Başqa sözlə desək, Volkov və onun ətrafında olan, özünü sülhməramlı adlandıran kontingentin Azərbaycan ərazilərindən daha qısa müddətdə çıxarılması reallaşa bilər". 

Ə.Verdiyev vurğuladı ki,  Volkov tərəfindən Azərbaycanlılara qarşı törədilən bu fəaliyyətlər birmənalı olaraq birgə bəyanatın şərtlərinə tamamilə ziddir, onlar ərazidə mövcud olan erməni silahlılarını da bu günə qədər Qarabağ ərazilərindən çıxarmayıblar: "Bu isə Sülhməramlı kontingentin birmənalı olaraq Azərbaycan ərazilərindən çıxarılmasını tezləşdirə bilər. Baş verən proseslərdən Azərbaycan ictimaiyyəti, hərbi mütəxəssislər kifayət qədər narahatdırlar. Biz heç bir halda razılaşa bilmərik ki, ərazilərimizə buraxdığımız sülhməramlı kontingent erməni silahlıları ilə razılaşmalara əsaslanaraq Azərbaycan vətəndaşlarının əraziyə səfərlərinə maneəçilik törətsinlər. Biz hər birimiz, Rusiya kontingentinin bu qanunsuz fəaliyyətinə etiraz səsimizi qaldırmalıyıq".

Seymur Bənnayev,

Sitat.info



Xəbər xətti