Artıq ikinci gündür ki, Xankəndi yolunda Azərbaycan faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı həyata keçirilən aksiya nəinki ölkə ictimaiyyətinin , bütün region ölkələrinin diqqət mərkəzindədir. Azərbaycan ictimaiyyətindən aksiyaya böyük dəstək var. Lakin aksiyalara dəstək olanlar olduğu kimi, etiraz edənlər də var. Sosial şəbəkələrdə fərqli fikirlər də səslənir. Onlar QHT-lərin silahlı rus hərbçiləri ilə qarşı-qarşıya gətirilməsinə etiraz edirlər. Əksər ekspertlər isə hesab edir ki, siyasi proseslərin müəyyən mərhələsində dövlət diplomatik yolla birbaşa deyə bilmədiyini ictimaiyyət nümayəndlərinin , vətəndaş cəmiyyətinin dili ilə deyir və bu tamamilə doğrudur.
Mövzu ilə bağlı Sitat.info-nun suallarını cavablandıran REAL-ın icraçı katibi Natiq Cəfərli bildirib ki, son günlər Qarabağda Xankəndi-Şuşa yolunun bağlanması bir sürəcin davamıdır: "Həftələrlə Azərbaycan rəsmiləri, dövlət və hökumət nümayəndələri, həmçinin Xarici İşlər Nazirliyi dəfələrlə Rus sülhməramlılarının fəaliyyətindən narazılıqlarını ifadə edən bəyanatlarla çıxış etdilər. Hətta ard-arda Rusiyaya notalar verilirdi. Lakin görünən odur ki, diplomatik və dövlətlərarası atılan addımlar heç bir effekt vermədi, o zaman dünyada çox ciddi müzakirə olunan ekoloji məsələləri önə çəkərək bir qism QHT-lərinin üzvlərini təşkilatlanmış şəkildə vəziyyətə daxil etdilər. Təbii ki, bu normal bir praktikadır, bunu heç kim inkar edə bilməz. Zaman-zaman dövlətin edə bilmədiyi fəaliyyətləri bu kimi qurumlar, hətta bəzi vaxtlarda müxalifət institutları da etməlidir. Bu dövlət ərkanına yaraşan bir hərəkətdir".
Onun sözlərinə görə, bu addımların əsas nəticəsinin nə olacağı maraqlıdır və hədəf bəllidir: "Bu hədəf Laçın yoluna nəzarətin bərpa olunması və Azərbaycanın dövlət və hökumət qurumlarının Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə ayaq açmasıdır. Bu hədəfə çatmaq üçün atılan addımların ciddi bir nəticəsi olacaqsa, deməli uğurlu taktiki bir gedişdir və davamı da olacaqdır".
Seymur,
Sitat.info