“B” planı Qarabağdakı mülki ermənilərin terrorçu rejimdən xilas əməliyyatı olmalıdır" - Elşad Paşasoy

14:33 14 Dekabr 2022

"Laçın magistralının Şuşadan keçən hissəsində artıq üçüncü gündür davam edən etiraz aksiyası ona görə təşkil olunmayıb ki, Qarabağda yaşayan mülki əhaliyə hansısa probem yaradılsın. Azərbaycan dövlətinin mövqeyi bundan ibarətdir ki, Xankəndi və digər ərazilərimizdə yaşayan ermənilərin də digər vətəndaşlarımız kimi normal yaşayışını təmin etməyə hazırıq, sadəcə bunun üçün onların Azərbaycan qanunlarını tanıması yetərlidir. Keçirilən aksiyada məqsəd Rusiya sülhməramlılarının müvəqqəti təsir zonasındakı ərazilərimizdə qiymətli metallarla zəngin yataqların qanunsuz istismarına son verilməsi, həmin ərazilərdə monitorinq aparılması üçün imkanların yaradılmasıdır".

Bu sözləri Sitat.info-ya açıqlamasında siyasi şərhçi Elşad Paşasoy deyib.

Onun sözlərinə görə, məhz bu səbəbdən aksiyanın əsas şüarlarından biri hərbi kontingentin komandanı general-mayor Andrey Volkovun ortaya çıxması, suallara cavab verməsilə bağlıdır: " Yəni burada hər hansı erməninin yolunun kəsilməsindən söhbət getmir, əksinə, aksiya iştirakçıları, təşkilatçıları davamlı şəkildə bəyan edirlər ki, onlar Xankəndi-Gorus istiqamətində hərəkət etmək istəyən mülki ermənilərə hər hansı maneə yaratmaq niyyətində deyillər. Faktiki olaraq Laçın-Gorus yolunu Rusiya sülhməramlıları kəsiblər, bunu görməkdən ötrü foto və videokadrlara baxmaq kifayətdir. Hətta Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçiləri və media mənsubları hər iki tərəfdən Rusiya sülhməramlılarının hərbi və maşın texnikası, canlı qüvvəsi ilə əhatələnib. Belə olan təqdirdə erməni separatçıların, həmçinin Ermənistanın Azərbaycan əleyhinə hay-küyü, eyni zamanda ayrı-ayrı paytaxtlardan Azərbaycana “blokadaya son qoyun” məzmunlu çağırışlar məntiqsizdir. 
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə görüşü zamanı “Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb”-söyləməklə əslində real vəziyyətin nədən ibarət olduğunu rəsmi qaydada bütün dünyaya bəyan etmiş oldu".

Zamex.az -da yeni fürsətlər... 

Elşad Paşasoy onu da vurğuladı ki, ermənilərin yalançı hay-küyünün heç bir əsası yoxdur və Azərbaycan Qarabağdakı erməni vətəndaşlarının problemini həll etməyə hazırdır: "Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan Xarici İşlər Nazirliyinin 13 dekabr 2022-ci il tarixli, Şuşa-Laçın yolunda son vəziyyətlə əlaqədar Azərbaycan tərəfini ittiham edən, əldə olunmuş razılıqlar çərçivəsində öhdəlikləri təhrif edən əsassız bəyanatını qətiyyətlə rədd etdiyini bəyan edib. Bildirilib ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin hüquq və təhlükəsizliyi məsələsi Azərbaycanın daxili işidir. Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquq və təhlükəsizliyi Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq təmin ediləcək. Laçın yolunun bağlanması və guya ərazidə yaşayan erməni sakinlərin humanitar böhran təhdidi ilə üzləşdikləri barədə iddialara gəldikdə, Azərbaycan XİN bəyan edib ki, Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Azərbaycan Respublikası ərazilərində müvəqqəti yerləşmiş Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Eyni zamanda rəsmən elan olunub ki, Azərbaycan tərəfi ərazilərimizdə yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır və Ermənistan tərəfinin iddialarının heç bir əsası yoxdur".  

Siyasi şərhçi onu da əlavə etdi ki, B olanı anti-terror əməliyyatı ola bilər: "Azərbaycan bundan artıq nə deməlidir? Ermənilər və onların havadarları daha nə istəyirlər? Amma hesab edirəm ki, Azərbaycana qarşı saxta iddialar səsləndirən, əsassız iddialar irəli sürənlərin bütün bəhanələrini ortadan qaldırmaq lazımdır. Bunun üçün bəyanat səviyyəsindən növbəti mərhələyə doğru addım atmağa zərurət var. Məsələn, Azərbaycanın müvafiq qurumları Qarabağ ermənilərini dərman, ərzaq məhsulları, yanacaqla təmin etmək üçün konkret təkliflərlə irəli sürə, hətta bu məqsədlə zəruri tələbat mallarının yükləndiyi maşın karvanı Xankəndiyə istiqamət götürə bilər. Görək o zaman ermənilər və himayədarları nə deyəcək? Yaxud rus hərbçilər bu dəfə də yolumuzu kəsəcəklərmi? Rus hərbi kontingenti Xankəndiyə humanitar yardım aparan Azərbaycanın maşın karvanının təhlükəsizliyini təmin etməlidir, onun səlahiyyəti bura qədərdir. Düzdür, erməni separatçıların Azərbaycan hökumətinin ayırdığı yardımların ünvanına çatdırılmasına imkan yaradacağını gözləmək olmaz. Hər halda biz Spitak və Leninakandakı zəlzələ qurbanlarına yardıma gedərkən 80-ədək insanımızın olduğu təyyarənin vurulmasını da unutmamışıq. Lakin əgər ermənilər bu dəfə də Azərbaycanın onlara uzanan yardım əlini öpüb, gözləri üstündə qoymaq əvəzinə, bu dəfə də “qırmızı xətti” keçəcəklərsə, o halda Azərbaycan növbəti planı işə sala bilər və buna tam haqqı çatır. “B” planı isə sözsüz ki, Qarabağdakı mülki ermənilərin, Azərbaycan vətəndaşlarının terrorçu rejimin əlindən xilas əməliyyatı olmalıdır. Hər halda, daha yaxşısını dövlətimiz bilir, Dövlətimizə və Ordumuza güvənirik".

Seymur Bənnayev,

SİTAT.İNFO



Xəbər xətti