"Vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinin, ictimai fəalların və media mənsublarının Laçın yolunda keçirdikləri dinc etiraz aksiyasında irəli sürülən tələblərin Rusiya sülhməramlılarının rəhbərliyi tərəfindən sükutla qarşılanması və onların müraciətlərinə cavab verilməməsi Azərbaycan cəmiyyətində hiddətlə qarşılanır və narahatlıq doğurur. Çünki indiki şəraitdə Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına daxil olan Azərbaycan ərazilərində baş verən istənilən qeyri-qanuni fəaliyyətə görə bilavasitə onlar məsuliyyət daşıyırlar".
Bu sözləri Sitat.info-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli bildirdib.
Onun fikrincə, etirazların nə qədər davam edəcəyi və irəli sürülən tələblərə münasibətdə hansı mövqeyin sərgilənəcəyindən asılı olmayaraq, aksiyanın öz bir çox aspektlərdən öz məqsədinə çatdığını düşünürəm: "Bu aksiya ölkəmizin vətəndaş cəmiyyəti institularının, media nümayəndələrinin, bütövlükdə Azərbaycan vətəndaşlarının ölkəmizin milli maraqları ilə bağlı məsələlərdə mütəşəkkil və həmrəy olduqlarını, təbii sərvətlərimizin qanunsuz istismarı ilə barışmayacaqlarını və sonunadək mübarizə aparacaqlarını nümayiş etdirdi. Həmçinin Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan Azərbaycan ərazilərində yaşayan ermənilərin, o cümlədən ölkəmizə qarşı separatçı meyllərin güclənməsində maraqlı olan qüvvələrin diqqətinə bu torpaqların əsl sahiblərinin kimlər olduğunu çatdırmaqla yanaşı, ölkə vətəndaşlarının bizə məxsus ərazilərdə baş verən heç bir qanunsuzluqla barışmayacaqları mesajını verdi və düşünürəm ki, bu mövqe artıq erməni icmasına, separatçı qruplarına və onları idarə edənlərə öz təsirini göstərib".
E.Mirzəbəylinin qənaətinə görə, bizim üçün sülhməramlıların komandanı Andrey Volkovun nə deməsindən daha çox prosesin davamında özünü daha qabarıq büruzə verəcək amillər, o cümlədən xalqımızın və dövlətimizin iradəsidir: "Düşünürəm ki, verilən mesaj hədəfinə çatıb və nəticəsi mütləq olacaq".
Məğrur,
SİTAT.İNFO