"Görünür Xankəndidə elə qaranlıq məqamlar var ki, bizim görməyimizi istəmirlər" - Vahid Əhmədov

12:29 15 Dekabr 2022

"Təxribat ola bilər, bu istisna deyil. Təxribatı ruslar özü də törədə bilər, onların arasındakı ermənilər də. Rusların arasında ermənilər kifayət qədərdir. Bizim aksiya iştirakçılarımız təxribata  imkan verməməlidirlər".

Sitat.info xəbər verir ki, bu sözləri TV Müsavatın efirində deputat Vahid Əhmədov Şuşada keçirilən aksiyadan danışarkən deyib.

Deputatın sözlərinə görə, sülhməramlılar çalışacaqlar ki, müəyyən təxribat olsun, bizimkiləri qorxutsunlar və aksiya dağılsın: "Ancaq  aksiyaçılar oradan gedən deyil,oturublar və öz tələblərini irəli sürürlər. Tələblər də kifayət qədər normaldır, bütün dünya bunu bilir. Orada təxribata imkan  yaratmaq lazım deyil. Bizimkiləri də orada qoyururlar, aksiyaçıların 5-10 metr arxasında xüsusi təyinatlılar dayanıblar və lazım olanda müdaxilə edə bilərlər. Faktiki olaraq qarşı-qarşıya dayanıblar və  Rusiya sülhməramlıları da hələlik özünü sakit aparır".

V.Əhmədov hesab edir ki, gec-tez bu məsələ bizim xeyrimizə həllini tapmalıdır: "Yəqin ki, Volkov , ya başqa bir şəxs danışıqlar üçün çıxacaq və məsələ öz müsbət həllini tapmalıdır. Bizim ekoloqlar, dövlət qurumlarının nümayəndələri gedib orada monitorinq aparmalıdırlar. Bu bizim ərazilərimizdir. Rusiya sülhməramlıları onların təhlükəsizliyini təmin etməlidir ki, ermənilər tərəfindən hansısa təxribat olmasın. Əsas məsələ budur".

Ekoloqların Xankəndiyə buraxılmamasını isə deputat belə izah etdi: "Çox güman ki, orada elə qaranlıq məsələlər var ki, sülhməramlılar bizim görməyimizi istəmirlər. Bəlkə orada silahlı dəstələr var. İrandan, Hindistandan silahlıları Qarabağa daşıyırlar. Orada elə məsələlər var ki, sülhməramlılar bizim görməyimizi istəmir". 

Məğrur Salmanov,

SİTAT.İNFO



Xəbər xətti