"1 gündə 8 nəfər Azərbaycan vətəndaşının minaya düşməsi ondan xəbər verir ki, Ermənistan mina terrorunun müəllifi olaraq bu günə qədər də əlində olan xəritələri Azərbaycana vermək niyyətində deyil. Və beynəlxalq təşkilatlardan da heç biri Ermənistanı bu məsələyə görə qınamır".
Bu sözləri Sitat.info-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Onun fikrincə, Azərbaycan tərəfi kifayət qədər bu istiqamətdə geniş təbliğat işləri aparsa da, nə beynəlxalq təşkilatlardan, nə də mina təhlükəsi ilə bağlı fəaliyyət göstərən qurumlardan adekvat reaksiyalar görməmişik: "Bu da birmənalı olaraq Azərbaycana qarşı ikili münasibətin təzahürüdür. Hesab edirəm ki Ermənistan mina terrorunun müəllifi kimi cəzalandırılmayana qədər bu işi davam etdirməliyik.
Minada həlak olan insanlara ödəniləcək mənəvi və maddi yardım da daxil olmaqla, ərazimizin minalardan təmizlənməsinə sərf olunan vəsaitlərlə birlikdə böyük bir kompensasiya məbləğini Ermənistan tərəfinə beynəlxalq məhkəmələr vasitəsi ilə təqdim etməliyik. Onlar da bu vəsaiti digər vurduqları ziyanlarla birlikdə Azərbaycan tərəfinə ödəməlidir".
Ə.Verdiyev vurğuladı ki, bu dəymiş ziyanın ödənilməsinin fərqli formatları düşünülə bilər: "Ödəniş müddəti kifayət qədər uzun müddəti əhatə edə bilər. Ödənişin başqa variantları da mümkündür. Lakin istənilən halda biz bu sahədə fəaliyyətlərimizi sürətləndirməliyim. Ermənistanın beynəlxalq məhkəmələrdə cavab verməsi üçün hüquqi prosesləri sürətli bir şəkildə başa çatdırmalıyıq".
Seymur Bənnayev,
SİTAT.İNFO