"Əvvəlcə onu qeyd etmək lazımdır ki, Laçın dəhlizi Azərbaycan cəmiyyətinin təmsilçiləri tərəfindən bağlanmayıb. Azərbaycan cəmiyyətinin fəalları Laçın dəhlizində sadəcə, Volkov-Vardanyan tandeminin ölkəmizə qarşı hərbi, iqtisadi və ekoloji cinayətlərinə etirazlarını bildirirlər, öz haqlı tələblərini irəli sürürlər. Çünki Volkov-Vardanyan cütlüyü Azərbaycanın təbii sərvətlərini talamaqla məşğuldur.
Laçın dəhlizi əslində, məhz Rusiya "sülhməramlı" qüvvələri tərəfindən bağlanıb. Laçın dəhlizindən yayılan son videogörüntülərdən də açıq şəkildə görünür ki, Azərbaycan fəalları Laçın dəhlizi ilə təchizat nəqliyyatının hərəkətinə heç bir əngəl törətmirlər. Yəni, təchizat və tibbi yardım maşınları yolun hər iki istiqamətində normal şəkildə hərəkət edə bilir. Üstəlik, Azərbaycan fəallarının çadırları da Laçın dəhlizi üzərində deyil, yolun kənarında qurulub və nəqliyyat vasitələrinin hərəkətinə mane olmur".
Bu sözləri Sitat.info-ya açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli Şuşada keçirilən aksiyadakı son durumu dəyərləndirərkən bildirib.
Siyasi şərhçinin sözlərinə görə, bütün bunlar onu göstərir ki, rus "sülhməramlılar" Laçın dəhlizini bilərəkdən, həm də məqsədyönlü şəkildə bağlayıblar: " Böyük ehtimalla Kreml bu addımla vəziyyəti daha da gərginləşdirməyə, Azərbaycan ekoloqlarının talanmaqda olan faydalı qazıntılar yataqlarında apaşdırma aparmaq tələblərini tamamilə gündəmdən çıxartmağa çalışırlar. Çünki əgər, həmin araşdırma baş tutarsa, Volkov-Vardanyan tandeminin Azərbaycana qarşı iqtisadi və ekoloji cinayətlərinin üstü açıla bilər. Bu, Rusiyaya qətiyyən sərfəli deyil. Belə ki, Andrey Volkov rus generalıdır və rus "sülhməramlılara" komandanlıq edir. Əgər, onun böyük ehtimalla Kremllə razılaşdırılmış cinayətlərinin üstü açılarsa, bu, rus "sülhməramlılar"ın bölgədə fəaliyyətinin yolverilməz olduğu qənaəti möhkəmlənəcək. Və onların Azərbaycanın Qarabağ bölgəsindən çıxarılması ilə bağlı tələbin rəsmiləşdirilməsinə əsaslar yaranacaq".
E.Xalidbəyli vurğuladı ki, digər tərəfdən, Ruben Vardanyan da Kremlin Azərbaycanın Qarabağ bölgəsinə "təxribat ezamiyyəti"nə göndərdiyi fırıldaqçıdır: "Kreml R.Vardanyandan həm Azərbaycanın təbii sərvətlərinin talanmasında, həm də Qarabağ bölgəsində erməni terrorizminin gücləndirilməsində istifadə etməyə çalışır. Yəni, R.Vardanyanın Rusiya vətəndaşlığından imtina edib, Azərbaycanın Qarabağ bölgəsinə gəlməsi birmənalı şəkildə Kremlin məkrli məqsədlərə bağlı layihəsidir. Ona görə də, Kreml əlindən gələn hər şeyi edir ki, bu erməni fırıldaqçının rus generalla ortaq cinayətləri açılmasın. Əks halda, Kremlin "Vardanyan layihəsi" də iflasa uğraya bilər. Rus "sülhməramlılar"ın Laçın dəhlizini qapalı saxlamasının əsas səbəbi məhz bundan ibarətdir".
Siyasi şərhçi vurğuladı ki, indi Rusiya müəyyən mənada, çətin vəziyyətə düşüb: " Çünki rəsmi Bakı mövqeyində qətiyyətli davranır. Azərbaycanın öz tələblərindən güzəştə gedəcəyi qətiyyən inandırıcı görünmür. Çünki güzəştlər Azərbaycana prosesin davamında ciddi zərər vura bilər. Yəni, rəsmi Bakı Azərbaycanın tələbləri reallaşana qədər "yumşaq güc" tətbiqini davam etdirəcək.
Ona görə də, Rusiya Azərbaycana qarşı beynəlxalq təzyiqlərin güclənməsinə cəhd göstərir. Kreml Laçın dəhlizini bağlamaqla və tələblərin qəbulunu uzatmaqla, Ermənistanın beynəlxalq himayədarlarının ABŞ, Fransa, Avropa Birliyi və s. beynəlxalq dairələrin Azərbaycana təzyiq göstərməsinə çalışır. Kreml hesab edir ki, beynəlxalq təzyiqlər güclənərsə, rəsmi Bakı öz tələblərindən imtina etmək məcburiyyətində qala bilər. Və bu da Rusiyanın məkrli planlarının eynilə davam etməsi deməkdir.
Rusiyanın bu məsələdə bu qədər israrla dirəniş göstərməsinin əsas səbəbləri bunlardır. Halbuki, Kremlin bu dirənişi real nəticələr vəd etmir. Çünki rəsmi Bakı öz tələblərindən imtina etmək niyyətindən çox-çox uzaqdır".
E.Xalidbəyli hesab edir ki, böyük ehtimalla rəsmi Bakı Azərbaycan və Rusiya arasındakı bu "əsəb savaşı"nda geri çəkilməyəcək və sona qədər gedəcək: " Bu baxımdan, Kremlin geri çəkilməyəcəyi təqdirdə, Azərbaycan və Rusiya arasında anlaşma mümkün görünmür. Böyük ehtimalla rəsmi Bakı Rusiyaya öz tələblərini qəbul etdirə biləcək. Yəqin ki, tezliklə rəsmi Bakı Laçın dəhlizin məhz rus "sülhməramlılar" tərəfindən qapadıldığını isbat edəcək. Bundan sonra Rusiya geri çəkilmək məcburiyyətində qalacaq. Böyük ehtimalla bu prosesin sonunda Azərbaycan təbii sərvətlər yatağında araşdırma imkanı qazanacaq, Kremlin "Vardanyan layihəsi" iflasa uğrayacaq, erməni fırıldaqçı Qarabağdan çıxarılacaq. Eyni zamanda, Azərbaycan Laçın dəhlizinə nəzarəti öz əlinə alacaq. Bununla da, Rusiya "sülhməramlı" qüvvələrinin mandatının uzadılması ilə bağlı mövzu da gündəmdən çıxarılacaq. Yəni, 2025-ci ildə rus "sülhməramlılar" Azərbaycandan gedəcəklər. Yəni, rəsmi Bakı faktiki olaraq, rus "sülhməramlılar"ın müvəqqəti dislokasiya olunduğu Xankəndi və ətraf bölgənin Azərbaycana yenidən inteqrasiya olunması ilə bağlı prosesə artıq start verib. Kremlin əngəl törətmək cəhdləri isə islasa uğrayacaq və Rusiyanın ümumiyyətlə, Cənubi Qafqazdan çıxarılması prosesi geriyə dönməz xarakter daşıyır".
Nərgiz,
Sitat.info