"Ruslar Xankəndini öz əllərinə keçirmək istəyirdilər, buranı özəlləşdirmək istəyirdilər. Luqansk və Donetsk kimi burada da özlərinin hüquqları olan bir zona yaratmaq, Cənubi Qafqazda mövcudluqlarını saxlamaq istəyirdilər".
Bu sözləri Sitat.info-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
O qeyd edib ki, aksiyaya əgər hazırda olduğu şəkildə uzun müddət təkrarlanarsa, onun effekti olmayacaq: "Hətta ola bilsin ki, orada təxribatlar da olsun. Bu aksiyanın forması, məzmunu sayı dəyişdirilməlidir. Bir-birinin ardınca, daha çevik elə demokratik üsullarla mübarizəni təşkil etməliyik ki, ruslar və ermənilər onun qarşısında hansısa təxribat fikirləşib tapa bilməsinlər".
Partiya sədri təklif edib ki, əslən Xankəndidən olanlar orada yaşamaq arzusunu ortaya qoymalıdır: "Bunlardan biri Xankəndi İqtisadi Zonasında yaşayan azərbaycanlıların sərhəddə gedib öz dədə-baba torpaqlarında yaşamaq istəyini açıq şəkildə ortaya qoymaqdır. Başqa birisi həmin dinc aksiyada olanların bir qədər də irəliyə getməsidir. Təkrarlanan aksiya olacaqsa, onun nəticəsiz qalması ehtimalı var. Getdikcə iştirakçılarının sayını artırmaq və şüarları radikallaşdırmaq lazımdır. Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətini tənqid edən, onların burada olmasının heç bir məna ifadə etmədiyini və Ermənistanla Azərbaycan arasında sülhə mane olduqlarını açıq şəkildə səsləndirməklə bütün dünyaya göstərmək lazımdır. Burada erməniləri hədəf götürmək yanlışdır. Çünki bütün problemlərin başında duran ruslardır".
Nərgiz,
SİTAT.İNFO