Yumşaq güc effekt vermir: Ermənistan və Rusiya ilə hansı dildə danışmalıyıq?

16:28 16 Dekabr 2022

"Biz belə düşünürdük ki, yumşaq gücdən istifadə etməklə Rusiya sülhməramlılarını ağıla, dərrakəyə dəvət edə biləcəyik. Lakin görünür ki, bu alınmır. Rus dövlətçilik şovinizmi burada da çiçəklənmək istəyir. Nəzərə almırlar ki, bütün dünya onların bu ideologiyasını rədd edir. Hətta onu sıradan çıxarmaq istəyir".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib. 

Onun sözlərinə görə, hazırda Ukrayna çöllərində böyük dövlətçilik şovinizmi əzilməkdədir: "Amma onlar burada inad göstərib Cənubi Qafqazı öz təsir dairələrinə salmağa çalışırlar. Güman edirəm ki, yumşaq güclə onların bu zehniyyətini sındırmaq mümkün olmayacaq. Yəqin ki, diplomatiyanın ən son imkanlarını işə salmaqla bu yolların işə yaramadığına əmin olandan sonra, biz yumşaq gücü fərqli gücə çevirmək və tətbiq etmək məcburiyyətində qalacağıq". 

Q.Hüseynli vurğuladı ki, rus sülhməramlılarının ermənilərə tərəfdar çıxdığı açıq-aşkar hiss edilir: "Onlar erməni seperatçılığını işə salmaqla bölgədəki situasiyadan faydalanmağa çalışırlar və nəyin hesabına olursa olsun bu bölgədə öz hegemonluqlarını bərqərar etmək istəyirlər".

Bəs, antiterror əməliyyatı baş verərsə, buna Rusiyanın yanaşması necə olacaq? Həmin vəziyyətdə Sülhməramlılar hansı mövqeyi tuta bilərlər?

Politoloq bildirdi ki, bu halda yenə də qızışdırıcı mövqedə duracaqlar: "Ən təhlükəlisi də odur ki, onlar bundan bəhanə kimi istifadə edərək Azərbaycana qarşı təxribatlarını artıra bilərlər. Məsələn, daha əvvəl bizi neft buruqlarına raket hücumu ilə hədələyən bir rus politoloqu görünür  bizi çəkindirmək üçün belə üsuldan istifadə etmişdi. Amma nəzərə almaq lazımdır ki, can verməkdə olsa belə Rusiya dövlətçilik şovinizmi hələ də yaşamaqdadır və biz bu nüansları nəzərə alıb hərəkət etmək məcburiyyətindəyik. 

Hər halda ultimatumdan, güc mövqeyindən diplomatiyadan, yeri gəldikdə lokal güc əməliyyatlarından, xüsusilə erməni silahlılarına qarşı antiterror tədbirlərindən istifadə edilməlidir. Burada Ermənistan separatizminin və radikal erməni millətçiliyinin gözü qırılmalıdır. Başqa cür olsa, biz bu vaxta qədər itirdiklərimizin, çəkdiyimiz əzabların yerini doldura bilməyəcəyik".

Seymur Bənnayev,

SİTAT.İNFO



Xəbər xətti