Binəqədidəki partlayışda günahkar kimdir?: Şərurlu İsfəndiyar danışdı - VİDEO

12:12 3 Yanvar 2023

Məlum olduğu kimi, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verib. Hadisə nəticəsində 1 nəfər ölüb, daha 3 nəfər isə xəsarət alıb.

Hazırda cəmiyyətdə müzakirə olunan əsas sual budur ki, baş verən hadisəyə görə kim məsuliyyət daşıyır? Partlayışın olduğu  binanın Şərur MTK-ya məxsus olduğu bildirilir. Partlayışın əsas səbəbi kimi isə, qaz sayğacının və kombi qurğusunun olduğu eyvanın bağlı olması göstərilir. Hadisə baş verən binanın sakinləri Sitat.info-ya vacib məlumatlar veriblər. 

Bildiriblər ki, şirkət tərəfindən mənzilin eyvanını bağlamağa icazə 1000 manata başa gəlir. Pulu verirsən və bütün təhlükəsizlik qaydalarının üstündən xətt çəkib eyvanı bağlayır, həmin ərazini mətbəxə əlavə edirsən.  Belə olduğu zaman eyvan məttbəxə daxil  olur, qaz sayğacı, hətta su qızdırıcı qurğular, qaz boruları, ventillər evin içində qalır. Bu isə o deməkdir ki, qaz sızarsa bu eyvandan açıq havaya yox, evin içinə sızır və nəticədə partlayış ehtimalı yüksək olur. 

Məlum olduğu kimi, partlayış baş verdikdən sonra hadisə yerinə ilk baş çəkən Azəriqaz İB sədri Ruslan Əliyev olub. O da eyvanın sonradan bağlandığına diqqət çəkib. Burada sual yaranır ki, "Azəriqaz" mənzillərə baxış keçirib qaz sayğacının və qurğularının hansı şəraitdə olduğuna niyə nəzarət etmir? Mənzilin içinə baxış keçirmək imkanı olmasa belə, binanın fasadından baxanda eyvanların bağlı olduğu görünmürmü? Bu qədər bağlı eyvanların olması "Azəriqaz" işçilərinin heçmi diqqətini çəkməyib? Onlar bağlı eyvanda qaz sayğacı və qaz qurğularının hansı şəraitdə yerləşdiyini düşünməyiblərmi?

Digər tərəfdən Fövqəladə Hallar Nazirliyi bu binaların həyətindən heç olmasa ildə bir dəfə keçmiş olsaydı, nə qədər eyvanların bağlı olduğunu görmüş olardı. Bu təhlükəsizlik qaydalarına nə qədər uyğundur? 

Eyvanı bağlatmaq ənənəsi Bakıda köhnə binalardan qalma ənənədir. Köhnə binalarda bir mənzilə 2-3 eyvan düşürdü ki, sakinlər bunun birini bağlaya bilirdilər. Yəni mətbəxə tərəf olan və qaz qurğularının yerləşdiyi eyvan bağlanmırdı. Yeni tikililərdə isə hər mənzilə bir eyvan düşür. Mənzilini genişləndirmək istəyən sakinlər MTK-ya rüşvət verib eyvanı bağlayırlar. 

"Azəriqaz" əməkdaşları sosial şəbəkədə yazdıqları rəylərdə bildirirlər ki, təmsil etdikləri qurum sakinlərin eyvanı bağlmasına görə məsuliyyət daşımır. 

Məsuliyyət daşıyan tərəflərdən biri də binanın məxsus olduğu  Şərur MTK-dır. Məsələ ilə bağlı Sitat.info-ya danışan Şərur MTK- sahibi Şərurlu İsfəndiyar partlayış baş verən binanın ona məxsus olmadığı bildirdi: 

"Həmin bina "Şərur MTK"-ya aid deyil. Məlumatlar yalandır. Bu şirkət "Şaiq" MTK-ya aiddir. Həmin şirkəti rəhbəri isə Kənan adlı şəxsdir".

Sakinlər isə bildirir ki, "Şaiq" MTK da  Şərurlu İsfəndiyara  məxsusdur, lakin onu fərqli şəxsin adına rəsmiləşdirib. 

Məğrur,

Sitat.info.



Xəbər xətti