Niyə haqlı ikən haqsız duruma düşmüşük? - Natiq Cəfərli danışdı

13:42 13 Yanvar 2023

"Azərbaycan 44 günlük Vətən Savaşında informasiya cəbhəsində də uğurlu oldu, səbəbi o idi ki, haqlı idik, hüquq bizim tərəfdə idi, ona görə də həm dünya mediasını, həm nüfuzlu beynəlxalq təşkilatları ölkə dəvət etdik, onlar da obyektiv informasiya yayaraq haqlı mövqeyimizi dünyaya çatdırdılar. 

Yeri gəlmişkən, 44 günlük Vətən Savaşı zamanı bir sıra beynəlxalq təşkilatların ölkəyə dəvət edilməsində, onların obyektiv hesabatlar yazmasında bizim - REAL-ın da müəyyən rolu oldu, Siyasi Komitə üzvləri olaraq səsimiz çatan qədər dünya mediasına çıxıb hüquqi dildə mövqeyimizi çatdırdıq. Prezidentin çoxsaylı müsahibələri, dünyaya açıq olması da 44 gün boyu Azərbaycanın haqlı mövqeyinin dünyaya doğru izah edilməsində də müsbət rol oynadı. Amma 2022-ci ildə Azərbaycan hökuməti bu məsələlərdə də köhnə "ayarlarına" geri döndü, dünya ilə kommunikasiya siyasətini əvvəlki illərdə olduğu vəziyyətə qaytardı - nəticədə sentyabr hadisələrində, indiki Laçın yolunda baş tutan aksiyada haqlı olduğumuza, hüquqi olaraq doğru davranmağımıza baxmayaraq informasiya müharibəsində "sinifdə qaldıq".

Bu sözləri Sitat.info-ya açıqlamasında Real Partiyasının icraçı katibi Natiq Cəfərli deyib. 

Onun sözlərinə görə, Azərbaycan hökuməti əlimizdə bütün "uduş kartları" olmasına baxmayaraq təqdimatı qura bilmədi, nəticədə haqlı olduğumuz halda haqsız duruma düşmək üzrəyik: "Qərbin iki düşməni - Rusiya və İran Ermənistanın yanındadır, Rusiyadan tam asılı olan, hətta Moskvaya qarşı Qərb sanksiyalarını dəlməyə imkan yaradan, İranla hərbi-iqtisadi münasibət quran Ermənistan, amma Qərbdən müəyyən dəstək görən də məhz yenə İrəvandır. Yəni, indi elə bir gözəl geo-siyasi vəziyyət yaranıb ki, Azərbaycan bundan istifadə edib informasiya müharibəsində tam qələbə qazana, Ermənistanı darmadağın edə bilər".

N.Cəfərli hesab edir ki, Rusiyanın Ukraynaya vəhşi təcavüzü bunun üçün gözəl şərait yaradıb: "Necə ola bilər ki, Dünya Ukraynanın Krım, Donbas, Xerson, Zaparojye bölgəsində olanları HAQLI olaraq işğal sayır, amma EYNİ vəziyyətdə olan Xankəndi məsələsində FƏRQLİ yanaşmağa çalışır?! Bu ermənipərəstlik deyil, bu bizim təbliğatın axsaması, daxili siyasətdə atılan mənasız sərtləşmənin nəticəsidir. Siyasi həbslərin yenidən baş verməsi, məzmunsuz və məntiqsiz Partiyalar və Media haqqında qanunların qəbulu - bütün bunlar da Qarabağ məsələsində TAM haqlı və hüquqi olaraq üstün olan durumumuzu zəiflədir - bunun günahı isə yalnız özümüzdədir...".

Səid,

Sitat.info



Xəbər xətti