Şuşa-Laçın yolunda baş verən avtomobil qəzasında həlak olan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Vüsal Vüqar oğlu Kazımovla vida mərasimi başlayıb.
Report-un xəbərinə görə, mərasim şəhidin vaxtı ilə yaşadığı - paytaxtın Nəsimi rayonu ərazisində yerləşən evində keçirilir.
Vida mərasimində şəhidin ailə üzvləri, yaxınları, Nəsimi Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Müdafiə Nazirliyinin nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Mərasim başa çatandan sonra mərhum İkinci Şəhidlər xiyabanında dəfn olunacaq.
Qeyd edək ki, hadisə martın 3-də Şuşa-Laçın yolunda qeydə alınıb.
Belə ki, hərbi yük avtomobili qəzaya uğrayıb. Nəticədə xəsarət alan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər V.Kazımov hərbi tibb müəssisəsinə təxliyə olunub.
Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, V.Kazımov 2000-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. Daha sonra o, ailəsi ilə birgə Bakı şəhərinə köçüb.
Ali təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə gedən V.Kazımovun xidməti başa vurmasına 3 ayı qalmışdı. O, evin tək oğlu olub, bir bacısı var.