"2022-ci ildə Gürcüstana 5,4 mln. xarici vətəndaş səfər edib, turizm gəlirləri 3,5 mlrd. dollara yaxın olub. 2022-ci ildə Azərbaycana 1,6 mln. xarici ölkə vətəndaşları səfər edib, keçən ildə ölkənin turizm gəlirləri, ən yaxşı halda 1,5 mlrd. dollar olacaq, hesabatlar çıxanda dəqiq biləcəyik. Gürcüstana dünyanın 40-a yaxın avişirkəti uçur, quru sərhədləri də açıqdır. Azərbaycanda hava yolu ilə sərnişin daşımanın 90%-i AZAL və BUTA-nın payına düşür, quru sərhədlər də absurd bəhanələrlə bağlıdır".
Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O vurğulayıb ki, Gürcüstan hökuməti yaxın 5 ildə turist sayını 10 mln. nəfərə, bu sahədən gələn gəlirləri isə 8 mlrd. dollara çatdırmağı düşünür: "Azərbaycan hökuməti də elan edib ki, 2026-cı ildə xaricdən ölkəyə gələn turist sayı 4 mln. nəfərə, xarici turistlərdən gələn gəlir isə 3 mlrd. dolları keçəcək.
Gürcüstan hökuməti hədəflərinə çatmaq üçün ölkəni daha çox açmağı, qaydaları daha da sadələşdirməyi düşünür - məsələn, 2022-ci ildə ölkəyə 10 yeni avişirkət uçmağa başlayıb və 9 yeni istiqamət üzrə uçuşlar başlayıb. Bundan başqa Gürcüstan hökuməti yaxın 5 ildə hər il turizmlə məşğul olan şirkətlərə və müxtəlif yeni inftrastruktur layihələrinə 250 mln. lariyə yaxın təşviq paketi ayıracağını elan etdi".
İqtisadçı qeyd etdi ki, Azərbaycan hökumətinın 2026-cı illə bağlı planları isə yaxşı sağlığa bənzəyir, çünki nə xroniki problemlərlə, nə inhisarçılıqla bağlı heç bir addım atmaq istəmir...
Nərgiz,
Sitat.info