Ölkəmizdə neçə provayder internet xidməti göstərir?

16:55 23 Yanvar 2023

"Provayderlər haqqında, onların xidmətləri və əhatə dairəsi haqqında məlumatı haradan əldə etmək olar? Dərhal qeyd edim ki, provayderlərin sayı haqqında  dəqiq məlumat heç yerdə yoxdur. Bizim müşahidələrimiz göstərir ki , ölkəmizdə təxminən 90 -dan çox provayder fəaliyyət göstərir. Bunların içərisində 2 magistral(backbone) provayder, 2 dövlət provayderi, 3 mobil internet provayderi və 80-dən çox ikinci səviyyəli provayderlər var. Hansı ki , onlar da ADSL, GPON, LTE, kabel, mobil və digər fiber-optik texnologiyalar üzərindən xidmət göstərirlər".

Bu sözləri Sitat.info-ya açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O vurğulayıb ki, provayderlərin sayı son bir-iki ildə, onlar üçün daha münbit şərait yaradılandan sonra kəskin artıb: " Belə demək mümkünsə, lisenziyalaşdırılmayan bir xidmət sahəsi olduğundan, kimsə bir şirkət qeydiyyatdan keçirir,  magistral provayderdən - ya DeltaTelekom-dan, yaxud da Azertelecom-dan müqavilə bağlayaraq topdan  internet alır və mövcud telekommunikasiya infrastrukturundan maneəsiz istifadə edərək istifadəçilərə satır. Provayderlərin sayı haqqında dəqiq məlumatı hələlik heç bir yerdən əldə etmək mümkün deyil. Əvvəllər, illər öncə belə bir siyahı, təxminən 50 provayderin siyahısı Nazirliyin saytında olub. Bir neçə il öncə provayderlərin məcburi uçotu ilə bağlı Telekommunikasiya haqqında qanuna dəyişiklik edildi və NK müvafiq Qaydaları təsdiqlədi. Uçotun aparılması RİNN-ə tapşırıldı. Bundan sonra həmin siyahı Nazirliyin saytından yığışdırıldı".

O.Gündüz əlavə etdi ki, adı çəkilən Qaydalar da kifayət qədər bəsit hazırlanıb, provayderdən sadəcə özü haqqında, xidmətləri və əhatə dairəsi haqqında RİNN-ə məlumat vermək tələb edilir: "Müraciət də onlayn formada nəzərdə tutulub. 2018-ci ildən uçot və qeydiyyat Qaydaları qüvvədə olsa da indiyədək mövcud  provayderlərin dəqiq uçotu və siyahısı ortada yoxdur. Görünür ki, son illərdə RİNN tərəfindən aparılan yumşaq siyasət  provayderlərin sayının kəskin artmasına təsir etsə də, eyni zamanda onların uçotdan yayınmasına da səbəb olub. Uçotdan yayınmağın cəriməsi isə 1000-1500 manat müəyyən edilib. Hələlik belə bir cərimə haqqında da məlumatlar verilməyib. Bildiyim qədər Nazirlik indi belə bir siyahının hazırlanması üzərində işləyir. Düşünürəm ki, provayderlər haqqında, onların xidmət göstərdiyi ərazi və xidmətləri haqqında  dəqiq və rəsmi məlumatlara ciddi ehtiyac var".

Ekspert vurğuladı ki, istehlakçılardan provayderlərlə bağlı gələn şikayətlər çoxalıb: "Zaman-zaman sosial mediada onlar haqqında, göstərdikləri xidmətlərin keyfiyyətsizliyi haqqında  çoxsaylı şikayətlər müşahidə olunur. Bizə də bununla bağlı çox müraciətlər olur. Provayderlər haqqında məlumatlar istifadəçilər və maraqlı tərəflər üçün həm şikayət və müraciətlər üçün, həm də xidmətlərdən imtina və yeni provayderin və ya yeni xidmətlərin seçimi üçün mühüm əhəmiyyət kəsb edir. Ümid edirəm RİNN tez bir zamanda ölkəmizdə fəaliyyət göstərən bütün provayderlər haqqında uçot işlərini yekunlaşdıracaq və bu siyahını açıqlayacaq".

Nərgiz Liftiyeva,

Sitat.info



Xəbər xətti