"Avropa İttifaqının Ermənistana yeni missiya göndərməsi qətiyyən Azərbaycan tərəfinin maraqlarına uyğun gəlmir. Çünki bu addımların arxasında Fransanın Cənubi Qafqaza soxulmaq üçün növbəti cəhdlərini görə bilərik".
Bu sözləri Sitat.info-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə, bu missiyanın İrəvana gəlməsi, Ermənistanın birgə bəyanatda üzərinə düşən bəndləri yerinə yetirməkdən qaçması və müəyyən uzatma dəqiqələri qazandırmaq məqsədi daşıyır: "Bu missiyanın yerləşəcəyi ərazi də çox maraqlıdır. Çünki hazırda Ermənistan-Azərnbaycan sərhədi dəqiqləşdirilməyib. Digər tərəfdən hələ də Azərbaycanın 8 kəndi erməni işğalı altındadır. Bu missiyanın işğal altında olan torpaqlarda patrul xidməti aparması Azərbaycan üçün təhrikedici addım kimi dəyərləndirilməlidir. Bu addımlar Ermənistan tərəfindən münaqişənin nizamlanmasında müəyyən uzatmalara səbəb kimi istifadə olunacaqsa, bu Azərbaycanın Ermənistana qarşı növbəti və daha təsirli addımlar atmağa vadar edə bilər".
Hərbi ekspert vurğuladı ki, bu missiyanın Ermənistan ərazisində paralel oalraq Rusiya hərbi bazası ilə birgə fəaliyyət göstərməsi də çoxlu suallar yaradır: "Daha əvvəlki 2 aylıq missiyanın fəaliyyəti dövründə də Rusiya ilə Avropadan olan missiya arasında müəyyən insidentlər baş vermişdi. Gələcəkdə bu insidentlərin miqyasının daha da böyüyəcəyi istisna edilmir. Üçüncü dünya müharibəsinin davam etdiyi bir vaxtda əks qütblərdə dayanan ölkələrin Ermənistanda sülhə və təhlükəsizliyə xidmət edəcək addımlar ata bilməsi mümkün görünmür".
Nərgiz,
Sitat.info