Xəbər verdiyimiz kimi, Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) prezidenti Cahangir Əsgərov vəzifəsindən kənarlaşdırılıb.
Qaynarinfo-nun məlumatına görə, hazırda AZAL-da yoxlamalar aparılır və təhvil-təslim prossesi gedir.
Hazırda AZAL-a rəhbərlik QSC-nin birinci vitse-prezidenti Samir Rzayevə tapşırılıb. Yaxın vaxtlarda Cahangir Əsgərovun vəzifəsindən azad olunması ilə sərəncamın imzalanacağı gözlənilir.
Bəs görəsən, ölkənin ən böyük oliqarxlarından birinin sıradan çıxması aviasiya sahəsindəki inhisarçılığa son qoyulması ilə nəticələnəcəkmi?
Mövzu ilə bağlı Sitat.info-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, ölkədəki müxtəlif qurumlarda problemlərin kökündə duran məsələlər daha dərin və çoxşaxəlidir: "Bu məsələlər yalnız rəhbərlikdən və ya rəhbərdən asılı deyil. Təbii ki, onların yaxşı ya pis işləməsinin də rolu var. Lakin əsas problem sistemin özündədir. Bu AZAL-da da belədir. Azərbaycanda yerüstü xidmətlərin də AZAL-a aid olan şirkətlər tərəfindən həyata keçirilməsi, ölkəyə xarici şirkətlərin daxil olmasına yaradılan maneələr və s. AZAL-ın qiymət siyasətinə təsir edən amillərdir. Bu müəyyən şəxslərdən qaynaqlanan problemlər deyil".
N.Cəfərlinin fikrincə, AZAL-da ciddi dəyişikliklər olacaqsa bu struktur və sistem idarəetmə formasının da dəyişməsi ilə baş verməlidir: "Yəni, hava limanları AZAL-ın birbaşa idarəçiliyindən çıxarılıb müxtəlif şirkətlərə uzunmüddətli icarəyə verilməlidir. Məsələn, bir neçə Türk şirkətləri burada iştirak etmək istəyirlər. Hətta Macarıstanın məşhur "Viz air" şirkəti də Azərbaycan rayonlarındakı hava limanlarından birini işlətmək üçün uzunmüddətli müqavilə təklif edib.
Əgər struktur və idarəetmə fəlsəfəsi dəyişdirilsə ciddi dəyişikliklərə və AZAL-la bağlı uzun illərdir davam edən şikayətlərə bəlkə də son qoyula bilər. Sistem və idarəetmə forması qalsa, yalnız idarəetmədəki isimlər dəyişsə, hər hansı bir dəyişikliyin olacağına inanmıram".
Seymur Bənnayev,
Sitat.info