Rusiyadan Yunanıstana sərt reaksiya: "ABŞ-a boyun əyməyə razılaşdınız!"

17:46 24 Yanvar 2023

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yunanıstanın Rusiyaya qarşı sanksiyalar tətbiq edən ölkələr siyahısında olmasını tənqid edib. 
"Biz yunanlar ilə dost idik. Ölkə liderlərindəki dəyişikliyi qeydə aldıq. Onlar ya razılaşdılar, ya da Amerika reseptinə boyun əyməyə məcbur oldular. Biz Rusiyaya qarşı təcavüzü məmnuniyyətlə qəbul edənlər haqqında nəticə çıxardıq".

Sitat.info xəbər verir ki, Rusiya XİN rəhbəri Sergey Lavrov bu sözləri "Twitter" səhifəsində paylaşıb.  

Yunanıstan və Cənubi Kipr Rum Administrasiyasının  son illərdə Rusiyaya qarşı ən mehriban davranan ölkələr arasında olduğunu deyən Lavrov, çoxlu ortaq mədəni və təhsil fəaliyyətlərinin olduğuna da diqqət çəkib.

"İqtisadi əməkdaşlıq qarşılıqlı maraqlar çərçivəsində sürətlə  inkişaf edirdi. Sanksiyaları imzalayanların "cəbhə"sinə, eləcə də anti-Rusiya liderlər qrupuna keçmə sürətiniz qəribə oldu. Bu, aqressiv müxalifətin xəttini əks etdirir, nəinki yunanların maraqlarını, - Lavrov bildirib. 

Ukrayna-Rusiya müharibəsinin başlamasından sonra Yunanıstan Avropa İttifaqı (Aİ) ölkəsi olaraq Rusiyaya tətbiq edilən sanksiya qərarlarında iştirak edib. Yunanıstanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar arasında rusiyalı investorların investisiya məqsədi ilə yaşamaq icazəsi müraciətlərinin dayandırılması, yeni müraciətlərin rədd edilməsi, mədəni tədbirlərin dayandırılması olub.

Qeyd edək ki, Yunanıstan 2022-ci ilin aprelində 12 rusiyalı diplomatı "istənilməyən şəxs" elan edib. Rusiya Xarici İşlər Nazirliyinin 2022-ci ilin iyun ayında verdiyi yazılı açıqlamada Yunanıstanın Moskvadakı səfirliyində çalışan 8 diplomatın “istənilməyən şəxs” elan edildiyi bildirilmişdi.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti