İngiltərədə tətillər aramsızdır. Təcili yardım işçiləri yenidən işini dayandırıb. İtaliyada yanacaqdoldurma məntəqəsinin işçiləri 48 saatlıq tətilə başlamağa hazırlaşır. Fransada artan enerji xərclərini bu dəfə çörəkçilər etiraz etdi.
Sitat.info-nun məlumatına görə, İngiltərədə peşəkar qrupların təşkil etdiyi tətil dalğası davam edir.
Səhiyyə sisteminin az qala iflic vəziyyətinə düşdüyü ölkədə ilkin tibbi yardım və təcili yardım işçiləri növbəti dəfə iş yerlərini tərk ediblər.
Yaxın günlərdə tətillərə digər tipp işçiləri və fizioterapevtlərin də qatılacağı planlaşdırılır.
Həmkarlar ittifaqları fevralın 1-də birgə tətilə hazırlaşır. Bu tətilə dəmiryolçular, maşinistlər, universitet işçiləri və avtobus sürücüləri də qoşulacaq.
Növbəti dövrdə tibb bacılarının yenidən etiraz aksiyalarına qoşulması planlaşdırılır.
İtaliyada yanacaqdoldurma məntəqəsinin işçiləri işdən çıxacaq. Tətillə əlaqədar yanacaqdoldurma məntəqələrində xidmət tamamilə dayandırılacaq.
Fransanın paytaxtı Parisdə çörəkçilər artan enerji qiymətlərinə etiraz edirlər.
Ənənəvi Fransız çörəkləri ilə minə yaxın çörəkçi yüksək enerji qiymətlərinə və inflyasiyaya reaksiya verir.
Nümayişlərdə “Büdcəmə toxunma” yazılmış plakatlar qaldırılıb və “Çörəkçilər təhlükədədir” şüarı səsləndirilib.
İqtisadiyyat Nazirliyinə yürüş edən çörəkçilər daha sonra oturaq aksiya keçiriblər. Çörəkçilər enerjidə tavan qiymət tətbiqini tələb etdilər.
Seymur Bənnayev
Sitat.info