Avropa Kiyevə F-16 qırıcılarının tədarükü üzərində işləməyə başlayıb.
Sitat.info xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.
Kuleba bildirib ki, bəzi Avropa ölkələri Kiyevə Amerika F-16 qırıcılarının verilməsi məsələsini diqqətdə saxlayır.
Ukraynalı XİN rəhbəri çərşənbə axşamı adı açıqlanmayan avropalı həmkarı ilə dialoqunu dərc edib. Nazir həmkarı haqqında “Kiyevin ümid etdiyi F-16 məsələsi ilə bağlı proses başlayıb. O nə edəcəyini bilir" yazıb.
Qeyd edək ki, yanvarın 20-də Ukrayna prezidenti Vladimir Zelenski Almaniyadakı Amerikanın Ramşteyn aviabazasında müdafiə nazirlərinin görüşünün iştirakçıları ilə videobağlantı vasitəsilə çıxış edərək, gələcəkdə F-16 qırıcıları və uzaqmənzilli raketlərin alınacağına ümid etdiyini bildirib.
Bundan öncə Hollandiya parlamentində müzakirələr zamanı sözügedən qırıcıların tədarükü məsələsi qaldırılmışdı. Daha sonra krallığın baş naziri Mark Rutte bu məsələnin hazırda müzakirə olunmadığını bildirib.