"2022-ci ildə Azərbaycana 74 577 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub, ölkəyə gətirilən avtomobillərin ümumi dəyəri 1 mlrd. 57 mln. 800 min dollar olub – yəni, ortalama hər avtomobilin qiyməti 14184 dollar olub. Maraqlı məsələ odur ki, saya görə 2022-ci ildə 2021-ci ilə nisbətən 13,1% az olsa da, dəyər ifadəsində 2022-də 2021-ci ilə nisbətən 18,2% çox artım olub. Bu o deməkdir ki, ölkəyə gətirilən avtomobillərın də ortalama qiyməti artıb. Ölkəyə 155,4 mln. dollarlıq 11 337 ədəd hibrid, 17,7 mln. dollarlıq 486 ədəd sırf elektriklə işləyən maşın gətirilib. Elektriklə çalışan maşınların sayı keçən il 2021-ə nisbətən 3 dəfə artıb".
Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O bildirib ki, ötən il elektriklə işləyən maşınlara rüsumlarla bağlı güzəşt elan edildi, amma son 3 ildə istehsal edilən maşınlara bu güzəştlər tədbiq edilir: "Güzəşt elan olunan kimi ölkəyə gətirilən elektrikli avtomobillərin sayı kəskin artıb, amma dünya ölkələri ilə müqayisədə çox-çox azdır, cüzidir. Səbəbi də odur ki, 3 illik istehsal məhdudiyyəti məntiqsizdir – benzin/dizellə çalışan yeni avtomobillərə təşviq etməyin məntiqi var, yeni avtomobillər ekoloji olaraq daha az zərərli olurlar. Amma elektriklə işləyən maşınlara belə yanaşma absurddur.
İqtisadçı vurğuladı ki, 2010-cu il istehsalı elektrikli maşınla 2020-ci il istehsal tarixi olan elektrikli maşının ekoloji cəhətdən HEÇ BİR fərqi yoxdur: "Hər ikisi elektriklə işləyir, hər ikisi ekologiyaya ziyan vurmur, çünki eyni TEXNOLOJİ məntiqlə çalışırlar. Ona görə də, hökumət elektrikli maşınlara tədbiq etdikləri 3 illik istehsal təşviqi məsələsinə yenidən baxmalı, bu məsələ, ən azı son 10 il istehsal tarixi olan maşınlara tədbiq edilməlidir...".
Nərgiz,
Sitat.info