Fransada neft emalı zavodları, energetika və liman sektorunun işçiləri hökumətin pensiya islahatlarına qarşı tətil etmək qərarına gəliblər.
Sitat.info xəbər verir ki, Fransa mətbuatında yer alan xəbərə görə, pensiya yaşının 64-ə qaldırılmasını ehtiva edən islahat əleyhinə “CGT Petrole” həmkarlar ittifaqının çağırışı ilə neft emalı zavodları, elektrik stansiyaları və liman işçiləri tətilə başlayır.
Neftayırma zavodlarından anbarlara yanacaq daşınmasını dayandırmağı planlaşdıran işçilərin tətili sabah da davam edəcək.
CGT həmkarlar ittifaqı bu səhər bildirib ki, TotalEnergies şirkətinin şimal Flandriya neft anbarındakı işçilərinin 100 faizi, Normandiya neft emalı zavodunun 80 faizi və cənubdakı La Mede neft emalı zavodunun 50 faizi tətildə iştirak edib.
CGT Mədən və Enerji Sindikatının (FNME-CGT) baş katibi Fabrice Coudour, nüvə elektrik stansiyalarında və bəndlərdə hasilatın bu gündən etibarən azalacağını gözlədiyini söylədi.
Montlucon şəhərinin ətrafındakı külək və günəş fermalarında dünəndən bəri CGT birliyi tərəfindən həyata keçirilən elektrik kəsilişləri yaşanıb.
Seymur Bənnayev
Sitat.info