"Putin 44 günlük savaşda özəlliklə Tərtərin itirilməsinə çalışırdı" : Ərəstun Oruclu ŞOK DETALLRI açıqladı

18:47 26 Yanvar 2023

"Hazırda bu region uğrunda mübarizə gedir. Azərbaycanla Ermənistan bu konfliktdə, geosiyasi mübarizədə qərar verən tərəflər deyillər. Azərbaycanla Ermənistanın arasında münaqişə var və bu böyük oyunçuların əlində geosiyasi mübarizə üçün bir alətə çevrilib. Məlum məsələdir ki, AB və NATO Rusiyanı bölgədən çıxartmağa çalışır. Rusiya isə müqavimət göstərir və qalmağa çalışır".

Sitat.info xəbər verir ki, bu sözləri bu gün Laf TV-nin efirində politoloq Ərəstun Oruclu deyib. 

O vurğulayıb ki, bu incəlikləri bilmək üçün biz 2016-cı ildən buyana regionda baş verənlərə diqqət yetirməliyik: "4 günlük aprel döyüşlərində və 44 günlük Vətən müharibəsində Rusiya özünü Ermənistana qarşı kimi apardı, amma əslində kömək edirdi və əl altından silah da göndərirdi. Azərbaycana qarşı müxtəlif təzyiqlərlə çəkindirmə siyasəti yürüdürdü. Ancaq münaqişə baş verəndə bölgədə Türkiyə də var idi. Ona görə də, 44 günlük müharibənin hərbi fazası 8 noyabr 2020-ci ilə olan nəticələrlə başa çatdı. Rusiya da bütün cəhdlərini işə salaraq bölgəyə sülhməramlı adı ilə hərbi kontingentini yerləşdirdi". 

Ə.Oruclu vurğuladı ki, Rusiyanın müharibədə öz planları var idi: "Rusiya birmənalı olaraq çalışır ki, Azərbaycan məğlub olsun və ciddi itkilər versin. Söhbət daha çox Tərtər-Ağdərə istiqamətindən gedirdi. 2016-2017-ci ildəki hadisələr də ona yönəlmişdi ki, Azərbaycan Tərtəri itirsin. Rusiya sülhməramlı qüvvələri adlı qoşunlar gəlib Goranboya çıxmalı idi və bununla da Rusiya sülhməramlı adı altında öz qoşunları ilə Gəncə dəhlizini nəzarətə götürməli idi. Digər tərəfdən öz hərbi kontingenti ilə Rusiya Yaxın Şərqə çıxışa bir meydan yaratmalı idi. Bundan sonra isə kommunikasiyaları nəzarətə götürməli idi".

Politoloq vurğuladı ki,üçüncü səbəb isə Paşinyanın devrilməsi idi: "Paşinyan Qərbin layihəsi olduğu üçün Rusiya onu istəmirdi. Bu planların pozulmasından Qərbin, özəlliklə də Türkiyənin xüsusi rolu oldu. Sonra hazırki vəziyyət yarandı və Rusiya Qarabağı nəzarətə götürməyə qərar verdi. Çünki oradakı erməni icması Rusiyanın əlində bir geosiyasi alətdir".

Nərgiz,

Sitat.info 



Xəbər xətti