ABŞ -ın Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, İranda etiraz aksiyaları kuliminasiya nöqtəsinə çatıb. Bildirilib ki, bu, etirazların başa çatacağı demək deyil: "Aksiya iştirakçıları hələ də mövcud rejimə qarşı qəzəblidirlər. Analitiklərin fikrincə, xüsusilə iqtisadi problemlər qarşıdakı aylarda və illərdə etiraz aksiyalarını yenidən alovlandıra bilər. İranda sentyabr ayından bəri davam edən aksiyaların görünən səbəbi hicab qaydalarını pozan 22 yaşlı qızın qətlidir. Amma əvvəllər də dediyim kimi, düşünürəm ki, bu, sadəcə "aysberqin görünən tərəfidir".
Fikrimcə, prosesləri "gizli əllər" idarə edir. Ümumiyyətlə, siyasət belədir: adətən taleyüklü məsələlərin səbəbi kimi tamamilə başqa məqamlar göstərilir. Məsələn, Koronavirus pandemiyasının səbəbi kimi Çində kiminsə yarasa yeməyi göstərilmişdi.
Sonradan isə məlum oldu ki, bu, böyük güclərin qlobal layihələrinin tərkib hissəsidir. Belə nümunələr kifayət qədər göstərmək olar. Fikrimcə, İranda da belədir. Xüsusilə Qərbin İrandakı aksiyalarda bilavasitə iştirakı var. Məqsəd aydındır: formalaşmaqda olan yeni dünya nizamında Rusiya və İranın mövqelərini ən azı zəiflətmək. ABŞ İnstitutunun məlumatındakı bir məqam xüsusi diqqət çəkir. Belə ki, analitiklər aksiyaların gələcək illərdə də davam edə biləcəyini istisna etmirlər.
Əlbəttə, müasir dövrdə bu cür açıqlamalar həm də informasiya müharibəsi səciyyəsi daşıyır. Yəni onların obyektivliyindən tam əmin olmaq düzgün deyil. İkinci bir tərəfdən isə, görünür, Qərb analitikləri da bilirlər ki, aksiyaların yatırılması təkcə Tehranın iradəsindən asılı deyil.
Bunu İran yalnız Qərb istəyəcəyi halda bacara bilər. Qərb isə istəklərinə nail olmayanadək bu fürsəti əldən verməyəcək, İranın başı üzərindəki "Demokl qılıncı"nı yerə qoymayacaq. İrandakı aksiyaların yaxın vaxtda başa çatacağı ağlabatan görünmür.
Mövcud rejim müqavimət göstərir. Düzdür, daxili xaosa tab gətirməkdən ötrü hələ ki, resurs var. Lakin imkanlar getdikcə tükənir. İrandakı aksiyaların nəticəsiz qalacağı inandırıcı deyil. Proses davam edəcək. Və bunun üçün müxtəlif səbəblər meydana çıxa bilər.
Qərb gələcəkdə aksiyaları bir az da genişləndirmək üçün müxtəlif vasitələrdən istifadə edə bilər. Hazırkı etirazların ölkədə hakimiyyət dəyişikliyi ilə nəticələnməsi mümkündür.
Siyasi şərhçi Kənan Novruzov,
Xüsusi olaraq Sitat.info üçün