"İrandakı səfirliyimiz fəaliyyətini dayandırmalı, İranın səfiri də Tehrana göndərilməlidir" - Akif Nağı

16:13 27 Yanvar 2023

 Azad Vətən Partiyası Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumla bağlı bəyanat verib.

Sitat.info xəbər verir ki, bəyanatda deyilir: "Beynəlxalq vəziyyətin indiki narahat dövründə siyasət dəqiqlik və həssaslıq tələb edir. 30 ilə yaxın torpaqlarının iyirmi faizi işğal altında olan Azərbaycan öz gücü ilə Qarabağı azad etməyin şərəfli dövrünü yaşayır. Ancaq düşmən məkrli niyyətlərindən əl çəkməyib, mübarizə davam edir. Ölkəmiz üçün belə bir məsul dövrdə başqa bir dövlətin ərazisində Azərbaycanın ərazisi sayılan səfirliyə hücum edilməsi ancaq məkrli düşmən siyasətidir. Azad Vətən Partiyası hesab edir ki, İran İslam Respublikasının hökuməti bu terror aktina görə tam məsuliyyət daşıyır və cinayətin diqqətlə araşdırılması, cinayətkarların tezliklə tapılıb cəzalandırılması təmin edilməlidir".

Partiyadan hesab edirlər ki, düşmən məqsədinə çatmaq üçün ən xain üsullara əl atır: "Böyük ehtimalla bu cinayətdə erməni izi də var və İran hökuməti cinayətin araşdırılmasına tam məsuliyyətlə yanaşmalıdır. Biz hesab edirik ki, məsələ aydınlaşdırılana qədər Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini dayandırmalı, İranın Azərbaycandakı səfiri Tehrana göndərilməli və Azərbaycan hökuməti tərəfindən digər sərt tədbirlər həyata keçirilməlidir".

Nərgiz,

Sitat.info 

 



Xəbər xətti