"Son illərdə Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə hücum olmuşdu. Ancaq onlar bu cür silahlı hücum deyildi. Əlində kalaşnikov avtomatı tutan şəxs səfirliyə hücum çəkir və hər tərəfə atəş açır. Videodan görünür ki, o cüssəli bir adamdır. Öncədən hazırlanmış, öyrədilmiş, atacağı addımlar öncədən planlaşdırılmış peşəkar terrorçudur".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, belə işləri İranda həyata keçirən müxtəlif terror qruplaşmaları var: " İranın nə qədər təşkilatı terror qruplaşamalarına daxildir. Bunların arxasında İran hökumətinin dayandığına dair dəqiq faktlar var".
Q.Hüseynli əlavə edib ki, səfirliyin qorunması bilavasitə İranın səlahiyyətli orqanlarının işidir: "Avtomatla silahlanmış bir şəxs səfirlik ərazisinə daxil olur, amma səfirliyi mühafizə edir İran polisi gözə dəymir. Çox ağır və beynəlxalq xarakterli cinayətdir. Dünya bunu qınamalıdır".
Politoloqun fikrincə, İranla diplomatik münasibətlərə məhdudiyyət qoyulmalıdır: "Biz səfirimizi geri çağırmalıyıq, əməkdaşların sayı minimuma endirilməlidir. Onlar məsləhətləşmələr üçün Bakıya gəlməlidir. Bunu XİN edəcək və biz İranla diplomatik münasibətləri minimuma endirməliyik. Onlarla geniş diplomatik münasibətlər heç kimə lazım deyil. Bu dövlət terror dövlətidir".
Nərgiz,
Sitat.info