Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı iqtisadi sanksiyaları müharibə səbəbindən daha 6 ay uzatmaq qərarına gəlib.
Sitat.info xəbər verir ki, Avropa Şurasından verilən açıqlamada, Rusiya iqtisadiyyatının bəzi sahələrini hədəf alan sanksiyaların 31 iyul 2023-cü ilə qədər uzadılmasına qərar verildiyi bildirilib.
Açıqlamada Rusiyaya qarşı iqtisadi sanksiyaların ilk olaraq 2014-cü ildə Ukraynada sabitliyi pozduğu əsas götürüldüyü xatırladılıb və ötən ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsi ilə sanksiyaların əhəmiyyətli dərəcədə genişləndiyi qeyd edilib.
Rusiyaya qarşı sanksiyaların ticarət, maliyyə, sənaye, texnologiya, nəqliyyat, ikili məqsədli və lüks məhsullar da daxil olmaqla geniş miqyasda davam etdiyi vurğulanan bəyanatda, Rusiyadan xam neft və bəzi neft məhsullarının Aİ-yə idxalının qadağan edildiyi bildirilib. Bəzi Rusiya bankları beynəlxalq ödəniş sistemindən SWIFT-dən çıxarılıb və bir çox yayım təşkilatlarının fəaliyyəti dayandırılıb.
Qeyd edək ki, Rusiya 2014-cü il martın 18-də Krım Muxtar Respublikası və Sevastopol şəhərini qanunsuz olaraq ilhaq edib. Bunun nəticəsində Aİ Rusiyaya qarşı iqtisadi sanksiyaların tətbiqi qərarını ilk dəfə 2014-cü ildə qəbul edib.
Seymur Bənnayev
Sitat.info