"İran İsraillə müharibəyə girməz, risk etsə onu fəlakət gözləyir" - Üzeyir Cəfərov

17:48 30 Yanvar 2023

"İranla Azərbaycan arasında müharibə ehtimalı əsla yoxdur. İranı İsrail iki gündür ki, "şumlayır". 

Bu sözləri hərbi ekspert Üzeyir Cəfərov Sitat.info-ya açıqlamasında vurğulayıb. 

İran-İsrail müharibəsinə gəlincə, Ü.Cəfərov bildirib ki, İran ona getməsə də, İsrail hücumları davam etdirir: "Hətta ötən gün Entoni Blinken də dedi ki, bu hərbi əməliyyatlara Amerika da qoşulmağa hazırdır.  Biz uzun müddətdir İrana deyirdik ki, Azərbaycana dil uzatmaqdansa get digər problemlərini həll et. Bax bunları nəzərdə tuturduq. İranı peşman edəcəklər. İran özünü ötən əsrin 70-ci illərində hiss edir. Başı qarışıb Rusiyaya dron ötürməyə. İran dronları Ukraynada körpə uşaqların başına yağanda, onları öldürəndə düşünməli idi ki, bir gün o dronlar öz başına da yağacaq". 

Ü.Cəfərov vurğuladı ki, bundan sonra İranın çox problemləri olacaq:  "Onların apardığı çox yanlış siyasət idi. Qardaşı İrəvan kömək etsin indi ona. Nə tökərsən aşına, o da çıxar qaşığına. Bu gün İranın hərbi obyektlərinin, strateji əhəmiyyətli nüvə obyektlərinin vurulması, bundan sonra da onlarla obyektin hədəfdə olması  onu göstərir ki, İranın itkiləri ciddi olacaq. Bu Rusiya deyil ki, harasa artsın başqa bir yeri vursun. İsrail dəqiqliklə nöqtələri vurur. Tehran kimi şəhərdə dəqiq hədəf vuruldu. İran ayılmalıdır, bu Azərbaycana təhdid sovurmaq deyil". 

Hərbi ekspert hesab edir ki, İran İsraillə müharibəyə girməz: "İran hansısa cavab addımları atacaq, kimisə öldürüb, haranısa vuracaq. Amma müharibəyə cəsarət etməz. Çünki İsraillə müharibə olsa, İsrail -ABŞ tandemi İrana bir neçə günə çox ciddi zərbə vura bilərlər. İran risk edərsə, onun üçün böyük fəlakət gözlənilir. İsrail də müharibə marağında deyil. Diplomatik münasibətlərdə ağır ifadələr olacaq, qırmızı xətlər aşılacaq ,amma müharibə olmayacaq". 

Məğrur,

Sitat.info



Xəbər xətti