Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili reanimasiyaya yerləşdirilir.
“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə məlumatı “Vahid Milli Hərəkat” partiyasının üzvü Georgi Çiladze açıqlayıb.
Onun sözlərinə görə, Saakaşvilinin vəziyyəti narahatlıq doğurur: “Onun vəziyyəti kritikdir. Həyati vacib göstəriciləri qorumaq üçün onun reanimasiya bölməsində olması vacibdir”, - deyə Çiladze qeyd edib.
Xatırladaq ki, Mixail Saakaşvili 2021-ci il oktyabrın 1-i Tbilisidə saxlanıldığı gün aclıq aksiyasına başlamışdı. O, 50 günlük aksiyadan sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü.
Saakaşvili cari ilin mayında uzun müddət davam edən aclıq aksiyasından sonra müalicə alması üçün Tbilisidə klinikaya köçürülüb.
Gürcü siyasətçi bundan əvvəl iki cinayət işi üzrə qiyabi olaraq mühakimə olunub və ümumilikdə 6 il müddətinə azadlıqdan məhrum olunub.
M. Saakaşvili fevralın 21-də müddətsiz aclıq aksiyasını təkrarlamışdı. Onun yanvarın 24-ü koronavirusa yoluxduğu məlum olub.