"Nəqliyyat xidmətlərində aylıq, illik abunəlik sistemi yaradılmalıdır" - Natiq Cəfərli

18:16 31 Yanvar 2023

"Bu gün nəqliyyatın idarəedilməsində pərakəndəlik var. Bundan başqa zaman-zaman dövlətin ayırdığı subsidiyaların bəzi özəl daşıyıcı şirkətlərə çatmadığının şahidi oluruq. Bu yaxınlarda bilindi ki, pandemiya dövründə 280 milyon manat ayrılıb, lakin sərnişindaşıma ilə məşğul olan özəl şirkətlərə bu məbləğdən 1 qəpik belə çatmayıb. Mərkəzləşdirilmiş qaydada idarəetmə olmasa, nəqliyyatda problemlər həllini tapmayacaq. "Yeganə çıxış yolunun gedişhaqqının artırılmasıdır" fikri yanlışdır. Qiymət differensial olmalıdır. Məsələn, günlük, həftəlik, aylıq, yaxud illik abunəliyə keçid imkanı yaradılmalıdır. Günlük və ya bir dəfəlik gediş qiyməti qalxa bilər. Lakin müddətli (6 aylıq, 1 illik) bilet üçün ucuz gediş haqqının tətbiq olunmasına ehtiyac var".

Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. 

O bildirib ki, ən idealı nəqliyyat sisteminin seçilmiş bələdiyyələr tərəfindən idarə olunmasıdır: "“BakuBus” və Metropolitenlə bağlı problem ondan ibarətdir ki, bir sərnişinin daşınmasında maya dəyərinin hesablanması qaydası olmalıdır – bizdə isə dövlət şirkətləri maya dəyərini istədikləri kimi açıqlayırlar. Yanacaq sərfiyyatı, maaşlar, texniki məsələlər standartlar üzrə öz həllini tapmalıdır. Onlar avtobusun alınma xərclərini belə gediş haqqının üzərinə gəlirlər. Bu isə doğru deyil çünki “BakuBus” avtobusları, Metropoliten isə vaqonları dövlət hesabına alınıb".

Nərgiz,

Sitat.info

 



Xəbər xətti