"23 yanvar tarixində Avropa Birliyi mülki missiya adı altında 100 nəfərlik hərbi kəşfiyyat qrupunu iki illik müddətə Ermənistanla sərhədlərə göndərmək qərarı çıxardı. Dövlətimiz haqlı olaraq, Qərbin silahsız taborunun qanuniliyini tanımır və onlarla əməkdaşlığa getməyəcəyini bəyan edir. Sual olunur-o missiya üzvlərini BMT-mi seçib, yaxud Avropa Birliyi nə vaxtdan təhlükəsizlik və hərbi təşkilat olub?
Şübhəsiz, bölgəyə gətirilən NATO-nun məxfi emissarlarıdır və qərarı Avroatlantik Alyansın hərbi-siyasi generalları verib. Ermənistanı Rusiya, İran, Türkiyə və Azərbaycanın əlindən almaq, bölgəyə beynəlmiləl muzdluları yerləşdirmək sabitliyə xidmət etməyəcək".
Bu sözləri Sitat.info-ya açıqlamasında millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc deyib.
Onun sözlərinə görə, 2020-ci ilin Vətən müharibəsi qəfil başlandığından Qərb dövlətləri müdaxilə imkanları olmadığı üçün regiondan çıxarıldıqlarını düşünürlər: "Ona görə də Minsk qrupunun ləğv edildiyini görən ABŞ, Fransa danışıqlara və Qafqazlara qayıtmaq üçün bütün cəbhə boyu diplomatik-siyasi hücuma keçiblər. Məqsəd Azərbaycan təhlükəsi adı altında öz ordularını və silahlarını İrəvanda yerləşdirməkdir".
Z.Oruc hesab edir ki, bu qərar regional təhlükəsizliyə və Ermənistanla sülh danışıqlarına zərbə vuracaq: " Digər tərəfdən, Rusiya Avropa Birliyinin addımını ona qarşı açılan ikinci cəbhə sayır və Ermənistanın avantürasını pisləyir. Tarixdə ilk dəfə, Vətən müharibəsinin nəticəsində İrəvan və Moskva qarşıduran tərəflərə ayrılıblar. Beləliklə, Rusiyanın Gümrüdəki bazası, o cümlədən Xankəndində missiyası ilə Avropa Birliyinin patrul dəstələrinin gələcəkdə toqquşması qaçılmazdır, o zaman NATO qüvvələrini konfliktə cəlb etməyə fürsət yaranacaq. Göründüyü kimi, Ermənistan ərazisi hərbi toqquşmalar meydanına çevrilir və İrəvanı Hələbin, Mosulun taleyi gözləyir".
Deputat diqqətə çatdırıb ki, eynilə, Türkiyə də Qərbin hərbi qüvvələrinin mülki libasda sərhədlərdə yerləşməsini istəmir və Azərbaycanla birliyinə zərbə kimi qiymətləndirir: "Tarixdən məlumdur ki, Şarl de Qolldan sonra Fransa əsgərlərinin ayağı hara dəyibsə, orada kütləvi qırğınlar və dağıntılar törənib. İndi sərhəddə yerləşdirilən qüvvələri müxtəlif yollarla-Xankəndində ermənilərin təhlükəsilziyi və hüquqlarının qorunmasına cəlb etməyə çalışacaqlar. Nəticədə, Qarabağa çoxmillətli missiya gətirmək Ukrayna müharibəsini Qafqazlara keçirmək deməkdir".
Millət vəkilinin sözlərinə görə, NATO-nun Əfqanıstanda və İraqda cinayətlər törətdiyi üçün qovulan, Fransanın Afrikadan nifrətlə çıxarılan qüvvələrini sərhəd monitorinqə cəlb edirlər: "Ermənistana tərəf atılan hər gülləni aktlaşdırıb saxta beynəlxalq mövqe formalaşdıraraq, ölkəmiz əleyhinə BMT qətnamələrini qəbul edəcəklər. Halbuki torpaqlarımız işğal altında olanda 30 il ərzində Monitorinq Missiyası iki dəfə işğal bölgəsinə gəldi, lakin heç birində yeddi rayonun və 100 minlərlə evin yer üzündən silinməsini görmədi. İndi sərhəd boyu düzüləcək hərbi missionerlər orduzumun qarşısına canlı sipər çəkəcəklərini düşünürlər.
Belə mürəkkəb vəziyyətdə alternativ tədbirlərdən biri Ağdamda yerləşən Türkiyə-Rusiya monitorinq mərkəzinin Ermənistanla sərhəddə yerini dəyişməsidir. Çünki İrəvanda sülhü təmin etməyə qadir olan tək dövlət Azərbaycandır".
Nərgiz,
Sitat.info