"Ruhi xəstədirsə özünü vurardı, niyə şüurlu şəkildə plan qurub səfirliyimizə hücum edirdi? - Siyasi şərhçi

17:36 1 Fevral 2023

Xəbər verdiyimiz kimi, yanvarın 27-də Azərbaycanın Tehran şəhərində yerləşən səfirliyində terror aktı törədən İran vətəndaşı Yasin Hüseynzadə ruhi xəstəxanaya yerləşdirilib. Bildirilib ki, cinayət işinin istintaqını həyata keçirən Tehran Cinayət Prokurorluğunun qənaətinə görə, Y.Hüseynzadə şizofreniya da daxil olmaqla, bir sıra psixi problemlərdən əziyyət çəkir. O, azı bir ay müddətinə Tehranda yerləşən psixiatriya xəstəxanalarından birində qalacaq və burada müxtəlif müayinələrdən keçiriləcək. Bu faktın özü artıq rəsmi Tehranın cinayətkar Yasin Hüseynzadəni öz himayəsi altına götürdüyünü bir daha sübut edir.

Bəs onların bu oyununa Azərbaycan tərəfinin reaksiyası necə olmalıdır?

Sitat.info-ya açıqlamasında bu sualı cavablandıran Ağ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı da vurğuladı ki,  bu molla rejiminin bir oyunudur: "Açıq şəkildə törətdikləri terror aktını ört-basdır etməyə çalışırlar. Əvvəl Yasini cinayəti törədəndən bir neçə saat sonra dövlət televiziyasına çıxardılar, guya səfirliyimizdə arvadını axtarırmış. Görünən odur ki, İran tərəfi bununla əsl niyyətinə çata bilmədi və indi də bu oyuna əl atır. Əgər ruhi xəstədirsə, o zaman özünü vurardı, niyə səfirliyimizə şüurlu şəkildə plan qurub hücum edirdi? Düşünürəm ki, molla rejiminin bu uşaq nağılları terror aktını malalamaq üçün hələ çox davam edəcək. Qəti şəkildə məsələnin üzərinə getməliyik".

C.Abbaslı vurğuladı ki, ilk olaraq, onun Azərbaycana ekstradisiya olunmasına çalışmalıyıq: " Əslində bu da mümkünsüz deyil. Çünki hər bir ölkədəki səfirliyin ərazisi mənsub olduğu dövlətin ərazisi sayılır və bu baxımdan bizim ərazimizə terrorçu hücum edib. Onun üçün də Azərbaycan qanunları ilə mühakimə olunmalıdır. Əgər buna nail olmasaq, şərəfsiz məxluqun edam olunmasına sona qədər cəhd etməliyik. İranda bilirsiniz ki, ölüm hökmü cəzası var və terrorçu  bu cəzanı hərtərəfli haqq edir. Çünki bir şəxsi şəhid edib, digər əməkdaş olmasaydı, kim bilirdi ki, neçə nəfəri şəhid edərdi. Eyni zamanda, dövlətlərarası münasibətlərdə ciddi müharibə həddinə qədər çata biləcək gərginlik yaradıb".

Siyasi şərhçi Azərbaycan tərəfin bu istiqamətdə görməli olduğu işlərdən də söz açıb: "Görünən budur ki, molla rejimi terrorçunu cəzadan ya qurtarmaq, ya da cəzasını azaltmaq istəyir. Buna qətiyyən imkan vermək olmaz. Azərbaycan Prezidenti ölkəsinin də bu xain hücumla bağlı araşdırma apardığını bildirdi. Bir an öncə cinayətin əsl mahiyyətini üzə çıxarmalı, səbəbkarları ifşa etməli və hər kəsi mat qoymalıyıq. Nə qədər ki, araşdırmalar uzanacaq, bu birbaşa İran rejiminin-terrorçunun xeyrinə işləyəcək. Əsl həqiqətlər üzə çıxmadan cənub qonşumuzda fəaliyyətini dayandırdığımız səfirliyimizin fəaliyyətini bərpa etmək çətin olacaq. Hazırda hər kəs çaşqınlıq içərisindədir. Bu halın çox davam etməsi bizim əleyhimizə ola bilər. Şəhidimizin ən çox təskinliklərindən biri də terrorçunun xalq qarşısında asılması olar. İnşallah, buna nail olacağıq".

Məğrur,

Sitat.info



Xəbər xətti