Güneydən 2-3 milyon qaçqın gəlsə nə edəcəyik - Natiq Cəfərli müharibə ehtimalından danışdı

18:16 1 Fevral 2023

"İranın hərbi obyektlərinin vurulması çox ciddi məsələdir. Gələcəkdə hansısa ciddi əməliyyatların olması mümkündür. Bu birdəfəlik hücuma bənzəmirdi. Həmin hücum zamanı İranın hava hücumundan müdafiə sistemlərinin yerləri də müəyyən olunub və onlara qarşı effektiv addımlar atılıb. Bu gələcəkdə də davam etsə, iki istiqamətdə  bizim üçün problemlər yarana bilər".

Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. 

Onun fikrincə, birincisi, humanitar problemlər yarana bilər: " Çünki orada bizim onmilyonlarla soydaşımız yaşayır. Əgər orada onların təhlükəsizliyinə ciddi təhdid yaransa, onların bir qisminin Şimali Azərbaycana gəlməsi fikri yarana bilər. Bu humanitar böhrana da hazır olmalıyıq. Beynəlxalq hüquqa görə bizim sərhədləri qapadıb onları qəbul etməmək hüququmuz yoxdur. Müharibədən qaçanları qəbul etmək lazımdır. Necə ki, Türkiyə Suriyadan qaçanları qəbul edir, Avropa Ukraynadan qaçanları qəbul edir. Bu beynəlxalq hüququn prinsipidir. Biz buna hazır olmalıyıq ki, 2-3 milyon qaçqın gəlsə nə edəcəyik, harada yerləşdirəcəyik".

N.Cəfərli vurğuladı ki, digər tərəfdən İran tərəfi başqalarına əli çatmayanda müəyyən təxribatları Azərbaycan ərazisində də edə bilər: " Azərbaycanın hərbi gücü, bu sahədə qurduğumuz ittifaqları bu sahədə Azərbaycanı qorumağa imkanlar yaradır. Bununla yanaşı terror təxribatlarına da hazır olmalıyıq. Əlbəttə insanları qorxutmaq lazım deyil. Amma dövlət olaraq nə qədər çox hazır olsaq, bir o qədər təhlükələrə sinə gərə bilərik". 

Nərgiz,

Sitat.info



Xəbər xətti