Ötən gün Daxili İşlər Nazirliyi əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat tədbirləri nəticəsində Azərbaycanda "din pərdəsi" altında təxribat və pozuculuq əməllərini həyata keçirən 39 nəfər müəyyən edilərək saxlanılıb.
Bu hadisə sosial şəbəkələrdə və mətbuatda geniş rezonans doğurdu.
Məsələ ilə bağlı Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu sitat.info-ya açıqlama verərək, İranın ölkəmizdə kifayət qədər radikal dindarlar topladığını bildirib:
“İranın Azərbaycanda 30 illik fəaliyyət dövründə çox ciddi casus şəbəkələri yaradıb. Sovet höküməti dağılandan sonra insanlar yanlış olaraq belə hesab ediblər ki, İranda hansısa mollaların tabeçiliyinə keçməlidir. Onları özləri üçün təqlidi-məclis seçməlidirlər. Beləliklə də Azərbaycan dinə o qədər də əhəmiyyət vermədiyininə görə, İran kifayət qədər istifadə edə bilib. Din xadimlərinin sırasından, xüsusən radikal dindarlar arasında kifayət qədər tərəfdar toplaya bilib”.
Sərdar Cəlaloğlu bildirdi ki, bəzi mollaların dövlətimizə qarşı təhdidləri barəsində müvafiq orqanlara məlumat verib:
“Mən bu məsələni bir neçə il bundan qabaq qaldırmışdım. Xüsusən, bəzi molların dövləti təhdid etməsi, bəzi molların hökumət haqqında olduqca ağır sözlər deməsi, açıq-aşkar Azərbaycan dövlətinə qarşı çıxış etmələri ilə bağlı müvafiq orqanların nümayəndələrinə də fikirimi bildirmişəm. Özüm də bu istiqamətdə zaman-zaman münasibətimi bildirmişəm. Bu gün gec də olsa bu təsirlər aradan qalxır. Biz təkcə İrandan yox, ayrı-ayrı təriqətlər vasitəsi ilə Azərbaycana gələn xarici dövlətlərin pozucu siyasətləri barəsində ciddi iş aparmalıyıq. Belə şeylərin vicdan azadlığı ilə əlaqəsi yoxdur. Həm də Azərbaycanın özündə islam dininin təşkilatlanması ilə bağlı çox ciddi addımlar atılmalıdır”.
Məğrur,
Sitat.info