İran bir neçə gündür ki, Xoyda baş verən zəlzələ nəticəsində çətin vəziyyətdə qalan minlərlə insanın həyatı ilə oynayır. Azərbaycan tərəfinin, Türk Qızıl Ay Cəmiyyətinin təkliflərini və digər yardımları qəbul etmir, özü də lazımi tədbirlər görmür. Bununla bağlı Azərbaycan tərəfi hansı addımları atmalıdır? Beynəlxalq ictimaiyyətin diqqətini bir dövlətin öz vətəndaşlarına qarşı belə yanaşmasına çəkmək mümkündürmü?
Sitat.info-ya açıqlamasında bu sualları cavablandıran politoloq, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinooğlu bildirdi ki, bu məsələ Azərbaycanı ciddi narahat edir: "Çünki oradakı soydaşlarımız çox acınacaqlı vəziyyətdədirlər. İran edilən yardımları qəbul etməməklə sanki öz vətəndaşlarını soyuqdan, acından öldümək istəyir".
Onun sözlərinə görə, dəstəklə bağlı bir neçə alternativ var idi: "Belə ki, köməyi biz özümüz edə bilərdik, lakin İran tərəfi bu yardımı rədd etdi. İran tərəfi Türkiyə vasitəsilə edilən yardımı da rədd etdi. Digər bir alternativ isə baş verənləri beynəlxalq təşkilatların diqqətinə çatdırmaqla məsələnin beynəlxalq müzakirəsinə nail olmaqdır. Bundan əlavə Arazın Azərbaycan tərəfində kiçik, müvəqqəti şəhərcik yaradıb soydaşlarımızı orda məskunlaşdıra bilərik. Lakin belə olduqda biz quru sərhədlərini müvəqqəti açmalıyıq. İran buna mane olsa bir daha aydın olacaq ki, hakimiyyət öz vətəndaşlarını qədsən məhv etməyə çalışır".
Seymur Bənnayev,
Sitat.info