Böyük dövlətlərin "bərpa olunan enerji" tələsi: Azərbaycan bu işləri görməlidir ki...

16:00 3 Fevral 2023

"Azərbaycan alternativ-bərpaolunan enerji istehsalı mərkəzlərindən birinə çevrilmək istəyir, bunun üçün xarici və yerli investisiyaları cəlb etməyi düşünür, hətta Qara Dənizin altı ilə Runıniyaya yüksək gərginlikli elektrik xətti də çəkməyi planlaşdırır. Bura qədər normaldır, olsun, dünya da bu yolla gedir. Amma, hökumət, nədənsə bunun təhlükəli tərəfləri haqqında düşünmür/danışmır, beynəlxalq güc mərkəzlərinin gündəliyini həyata keçirməyə çalışır. Təhlükə isə ondan ibarətdir ki, əgər pararlel olaraq məmləkətdə bu sahədə ciddi mütəxəssislər yaranmasa və detalların istehsalı, proqram təminatı ilə bağlı yerli müəssisələr olmasa, bir müddətdən sonra bu sahədə də xaricdən ciddi asılılığımız yaranacaq".

Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. 

Onun sözlərinə görə, bu sahədə istehsal texnologiyaları, proqram təminatı, detalların istehsalında lider ölkələr var – onların da marağındadır ki, inkişaf etməkdə olan ölkələri “bərpaolunan enerji iynəsinə” otuzdursunlar: "Enerji bizim ərazidə istehsal olunub xaricə valyuta ilə satılsa da, sonradan həmin valyutanın böyük bir hissəsi xarici mütəxəssislərə maaş kimi, avadanlıq istehsalçılarına və proqram təminatçılarına ödəniş kimi geri, elə həmin inkişaf etmiş ölkələrin şirkətlərinə ödəniləcək. 

Bu gün Qərbin inkişaf etməkdə olan ölkələrdən necə neft-qaz asılılığı varsa, sabah neft-qaz ölkələrinin onlardan avadanlıq, detal, proqram təminatı və mütəxəssislər asılılığı yaranacaq".

N.Cəfərli vurğuladı ki, bu sahədə ixtisaslaşmış böyük və nüfuzlu xarici Universitetlərin məmləkətdə filialları açılmalı, müasir kampusları, labaratoriyaları olan, bilikli müəllimlər dərs deyən Ali Məktəblər yaradılmalıdır: "Pararlel olaraq xarici tərəfdaşlarla birgə istehsal müəssisələri qurulmalı, həmin zavod-fabriklər dövlət tərəfindən uzunmüddətli və çox aşağı faizli kreditlərlə təmin edilməlidir.

Əgər bu işlər pararlel olaraq görülməsə, Azərbaycanın bərpaolunan-alternativ enerji sevdası məmləkət üçün valyuta qazanan deyil də, növbəti dəfə valyuta çıxaran, asılılıq yaradan sahəyə çevriləcək".

Nərgiz,

Sitat.info



Xəbər xətti