“İran” adlanan terror dövlətinin terrorçu Yasin Hüseynzadəyə münasibətdə sərgilədiyi davranış, sözügedən cinayətkarın “psixi problemləri olan şəxs” kimi daxili və beynəlxalq ictimai rəyə təqdim olunması cəhdləri, molla rejiminin qanlı cinayətin şəffaf şəkildə araşdırımasında və sifarişçilərin gün işığına çıxarılmasında maraqlı olmadığını sübuta yetirir. Əslində molla rejimindən fərqli davranış gözləməyə də dəyməz. Rejim özü özünü ifşa etməyəcək ki..."
Bu sözləri Sitat.info-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, molla rejiminin Azərbaycan Respublikasına qarşı atacaqları addımlara gəldikdə isə, bu günədək nə etmişdisə, eyni davranışları da sərgiləməkdə davam edəcək: "Dünyanın müxtəlif ölkələrindəki cəsus şəbəkəsi və erməni lobbisi vasitəsilə Azərbaycanı nüfuzdan salmağa çalışacaq. Xarici ölkələrdəki, vaxtilə ələ alınmış sapı özümüzdən olan baltaların xidmətindən, Azərbaycanın daxilində hələ də ifşa olunmayan qruplardan, xüsusilə də şaiyə şəbəkəsindən yararlanaraq, Azərbaycanın ictimai rəyinə təsir göstərəcək, mövcud, yaxud süni sürətdə yaradılan sosial problemlərin emosiaonal vasitələrlə qabardılmasına, dövlət və dövlət institutlarının gözdən salınmasına cəhd göstərəcək. “İran” adlanan ölkənin antibəşəri və anti-islam mahiyyətini, Azərbaycana qarşı yürütdüyü məkrli siyasəti arqumentlərlə ifşa edən şəxslərə qarşı şantaj kampaniyasını gücləndirəcək. Artıq bu istiqamətlərdə cəhdlər nəzərə çarpmaqdadır. Amma hələlik, terrorun yaratdığı emosional etiraz fonunun təsiri altında bəzilərinin kölgəyə çəkildikləri və yaxud kölgəyə çəkilmək barədə təlimat aldıqları barədə ehtimallar da var, şübhəsiz".
Siyasi şərhçi hesab edir ki, ola bilsin ki, molla rejiminin Azərbaycanı qıcıqlandıracaq birbaşa addımları müəyyən zaman kəsiyinədək səngisin, bizə xas olan kampaniyaçılığın və bunun davamı olaraq arxayınlığın yaranmasına zaman tanınsın: " Bu vaxt ərzində isə təxribat qruplarının yenidən toparlanmasına, üslub və vasitələrin dəyişilməsinə cəhd göstərilsin. Hər halda Azərbaycanın ən qatı düşməni olan, dövlət müstəqilliyimizə, konstisuon dövlət quruluşumuza düşmən kəsilən molla rejiminin öz əməllərindən əl çəkəcəyi gözlənilmir".
Məğrur,
Sitat.info