"Sülhməramlılar Artunyanı da, Vardanyanı da hara lazımdır aparır, pul qazanırlar" - Üzeyir Cəfərov

18:08 3 Fevral 2023

"Xankəndindəki aksiyanın 54-cü günüdür. Aksiyadan ən çox yararlanan Rusiya tərəfidir. Çünki, dünən ermənilərin də verdiyi məlumat ondan ibarət idi ki, Rusiya sülhməramlıları hər keçən avtomobilə görə erməni iş adamlarından 1000 dollar pul alırlar. Dünən axşam saatlarına qədər həmin yoldan 94 avtomobil keçib. 54 gün ərzində minlərlə avtomobilin oradan keçdiyini nəzərə almaq lazımdır.  Ruben Vardanyanın Rusiyada qazandığı pulları, rus generalları yavaş-yavaş Vardanyanın özündən, Qarabağdan yığmağa başlayıblar. Təbii ki, bu da onlara sərf edir. Əlbəttə ki, o pulları Volkov tək yox, rəsmi Moskvada oturan ağaları ilə bölüşdürür". 

Bu sözləri Sitat.info-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. 

Onun sözlərinə görə, bu aksiya hazırkı kimi davam edə bilməz: "Soyuq, şəraitsiz mühitdə gənclərin orada dayanması, rusların da onlara şərait yaratmaması düzgün deyil. Həmin ərazidə DSX-nin postu yaradılmalı, gəlib-gedənlər yoxlanılmalıdır. Eyni zamanda DGK-nin nümayəndələri də orada fəaliyyətə başlamalıdırlar. Dünən Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobilləri ilə naməlum ermənilər danışıb. Onların kim olduğu, nə işlə məşğul olduğu, məqsədlərinin nə olduğu məlum deyil. Ən dəhşətlisi isə Arayik Arutunyan hansı yolla İrəvana, oradan da Moskvaya getməyidir. Bu gün isə Arutunyan müharibə çağırışları edir". 

Ü.Cəfərov vurğuladı ki, əlbəttə ki, rus sülhməramlıları öz avtomobillərindən rahat şəkildə Arayik Artunyanı da, Ruben Vardanyanı da hara lazımdırsa ötürüb pul qazanırlar: "Aksiya çox gözəl ideya idi, çox gözəl düşünülmüşdü, lakin artıq dayandırılmalıdır. Hətta aksiyanın dayandırılmasında gecikmişik".

Bu templə davam edilsə, 54 gün daha da arta bilər. Bu minvalla biz heç nəyə nail ola bilməyəcəyik. Biz qarşı tərəfdən Azərbaycanın yeraltı, yerüstü sərvətlərinin daşınmasını, qeyri-qanuni istismarını dayandırmalarını tələb etməliyik. Və azərbaycanlılara  rahat şəkildə Xankəndinə, qızıl, mis və s. yataqlarına baş çəkmək şəraiti yaradılsın".

Seymur Bənnayev,

Sitat.info



Xəbər xətti